Azərbaycanın Milli Qəhrəmanları - Mübariz İbrahimov və Fərid Əhmədov

Məktəbimizin foyesində Milli Qəhrəmanlarımız - Mübariz İbrahimovun və Fərid Əhmədovun əziz xatirələri yad olundu.Şagirdlər fotostend hazırlamışdılar. Tarix müəllimi Bağırova Sevda şagirdlərimizə qəhrəmanlarımız haqqında geniş məlumat verdiI: " Bu gün çox kədərli bir gündür. Eyni zamanda, çox şərəfli bir gündür. Mübarizlə Fərid Vətən uğrunda öz torpağında həlak olmuşlar. Onlar əsl qəhrəmanlıq, rəşadət göstərmişlər. Mübariz İbrahimov qeyri-bərabər döyüşdə 5 düşməni məhv edərək, 3-nü yaralayaraq şəhid olubdur. Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir. Fərid Əhmədov döyüş vəzifəsini icra edərkən həlak olmuşdur. Hər ikisi ölümündən sonra Azərbaycan dövləti tərəfindən yüksək mükafatlarla təltif olunmuşdur. Təmas xəttində hər bir itki bizi sarsıdır, hər bir itki bizim üçün ağırdır. Ancaq biz müharibə şəraitində yaşayırıq və Mübarizlə Fərid öz həyatı ilə, öz qəhrəmanlığı ilə düşmənə sübut etdilər ki, Azərbaycan xalqı, Azərbaycan gəncləri Vətən uğrunda canlarından keçməyə də hazırdırlar. Bu, böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsidir.Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. 2005-ci ildə şəhid Malik Piriyev adına Əliabad kənd orta məktəbini müvəffəqiyyətlə bitirmiş və 2006-cı ilin mart ayında Biləsuvar Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Müddətli hərbi xidmətini Daxili Qoşunlarda atıcı əsgər kimi başlayan Mübariz İbrahimov 2007-ci il noyabrın 20-də yarımqrup komandiri kimi həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 2009-cu il sentyabrın 18-də öz arzusu ilə könüllü surətdə yenidən həqiqi hərbi xidmətə qəbul edilərək, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin gizir hazırlığı kursunu bitirmiş, motoatıcı taborun motoatıcı tağım komandirinin müavini kimi cəbhə bölgəsində əsgəri borcunu şərəflə və vicdanla yerinə yetirmişdir. Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətlər göstərmiş şəhid Mübariz İbrahimovun əziz xatirəsi heç vaxt unudulmayacaqdır. Fərid Güloğlan oğlu Əhmədov 1986-cı il fevralın 13-də Cəlilabad rayonunda anadan olmuş, 2003-cü ildə Nizami adına 1 nömrəli Cəlilabad şəhər orta məktəbini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 2007-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birillik ixtisas kursunu keçmiş və cəbhə bölgəsindəki hərbi hissədə kəşfiyyat tağımının və kəşfiyyat bölüyünün komandiri vəzifələrində xidmət etmiş, baş leytenant hərbi rütbəsinə yüksəlmişdir. Vətən qarşısında əsgəri borcunu şərəflə yerinə yetirən Fərid Güloğlan oğlu Əhmədovun qısa, lakin şərəfli ömür yolu Azərbaycan gəncliyi üçün örnəkdir.Əminəm ki, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbindən heç vaxt silinməyəcəkdir. Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar vardır.Vətən sağ olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin! "Məktəbin müşavirə otağında da qəhrəmanlarımız yad olundu. Tarix müəllimi Mustafayeva Pərvanə şəhidlərimiz haqqında öz fikirlərini şagirdlərlə paylaşdı.