“Möhtəşəm 44 gün”
Noyabrın 6-sı tariximizin parlaq səhifələrindən olan “8 Noyabr - Zəfər Günü”-nə həsr olunmuş “Möhtəşəm 44 gün” adlı tədbir keçirilib.
Tədbirdə 44 günlük Vətən müharibəsinin şəhidi kapitan Nurlan Mustafayevin anası Rəhilə ana, Tarixçi alim, Tarix üzrə Fəlsəfə Doktoru, professor, Milli Məclisin deputatı, MM-də Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov, Milli Olimpiya Komitəsinin OCEP layihəsi üzrə koordinatoru Ruslan Məmmədov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyinin Yasamal rayon təşkilatının sədri, ehtiyyatda olan polkovnik Bəhram Şeydayev, I və II Qarabağ müharibəsinin veteranı Baş Leytinant Pəsərək Fərzalı, 44 günlük Vətən müharibəsinin veteranları Fizuli Hüseynov, İlkin Abaslı, Mircəlal Əzimov, Hüseyn Əliyev, Şahin Əliyev, Taleh Əlizadə iştirak edib.
Tədbir Dövlət bayrağının təntənəli şəkildə səhnəyə gətirilməsi ilə başlayıb. Sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Geniş və əhatəli məruzə ilə çıxış edən tarixçi alim Anar İsgəndərov Azərbaycanın keçdiyi tarixi yoldan və möhtəşəm zəfərimizdən danışaraq böyüməkdə olan gənc nəslə tövsiyələrini bildirib. Digər çıxış edən natiqlər Vətən müharibəsindən danışaraq hər kəsi “Zəfər Günü” münasibətilə təbrik ediblər.
Daha sonra şagirdlərin hazırladığı videoçarx təqdim olunub, rəqslər, səhnəciklər nümayiş etdirilib, musiqilər və şeirlər səsləndirilib.
Sonda tədbir iştirakçıları qonaqlarla xatirə şəkli çəkdirib.