Riyaziyyat fənnindən nümunəvi dərs keçirilib

2025-ci tədris planına uyğun olaraq məktəbin IV “A” sinfində ibtidai sinif müəllimi Xatirə Qurbanovanın rəhbərliyi ilə “Kütlə və tutum” mövzusunda nümunəvi riyaziyyat dərsi təşkil olunub. Dərsin əsas məqsədi şagirdlərin eyniadlı kəmiyyətlərin ölçü vahidləri arasındakı əlaqəni başa düşməsi və bu bilikləri real həyat vəziyyətlərində tətbiq edə bilməsi idi.
Dərs zamanı müəllim interaktiv təlim üsullarından – sual-cavab, müzakirə və praktik fəaliyyətlərdən istifadə edərək mövzunun mənimsənilməsini təmin edib. Şagirdlərə “qram”, “kiloqram”, “litr”, “millilitr” kimi kütlə və tutum vahidləri haqqında ətraflı məlumat verilib.
Dərsin gedişində “Biz nə öyrəndik?”, “Kütlə hansı ölçü vahidləri ilə ifadə olunur?”, “Tutum hansı vahidlərdə ölçülür?” kimi istiqamətləndirici sualların verilməsi şagirdlərin fəal iştirakına şərait yaradıb.
Dərs həm ümumi sinif, həm də fərdi yanaşmalar əsasında quruldu və pedaqoji baxımdan yüksək qiymətləndirilib. Mövzu üzrə fənlərarası inteqrasiya isə dərsin həyatla əlaqələndirilməsinə xidmət edib.
Bu kimi dərslər şagirdlərin riyazi bilik və bacarıqlarını möhkəmləndirməklə yanaşı, onların praktik və təcrübəyə əsaslanan öyrənmə motivasiyasını da artırır.