“Gənclərə Nəsihət” kitabının təqdimatı keçirilib

Fevralın 19-da məktəbdə Milli Məclisin deputatları Ziyad Səmədzadə və Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, sədr müavini Günay Əkbərova və digər qonaqların iştirakı ilə Ceyhun Məmmədovun “Gənclərə Nəsihət” adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əziza Abasova qonaqları salamlayıb və maarifləndirici tədbirlərin gənclərin intellektual və mənəvi inkişafında oynadığı mühüm rolu vurğulayıb.
Daha sonra müəllif Ceyhun Məmmədov kitab haqqında geniş məlumat verərək, onun gənclərə həyat yolunda istiqamət verəcək dəyərli tövsiyələrdən ibarət olduğunu qeyd edib. O, kitabda toxunulan mövzuların gənclərin şəxsi və peşəkar inkişafına töhfə verə biləcəyini izah edərək, bu baxımdan mütaliənin əhəmiyyətini önə çəkib.
Milli Məclisin deputatı, akademik və iqtisadçı Ziyad Səmədzadə çıxış edərək, gənclərin elmə və təhsilə yönəlməsinin vacibliyini vurğulayıb və onların cəmiyyətin inkişafında əsas qüvvə olduğunu qeyd edib.Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə öz pedaqoji təcrübəsinə əsaslanaraq, gənclərə valideynlərinə və müəllimlərinə hörmət etməyi, təhsili daim prioritet kimi görməyi tövsiyə edib.
İctimai Şuranın katibi Günay Əkbərova tədbirin təşkilatçılarına, müəllimlərə və iştirakçılara təşəkkür edərək, bu cür maarifləndirici layihələrin gənclərin intelektual inkişafına mühüm töhfə verdiyini bildirib.
Tədbirin sonunda valideynlər və şagirdlər qonaqlara öz suallarını ünvanlayıblar. Gənclər kitabda qeyd olunan məsləhətlərin gündəlik həyata tətbiqi, uğur qazanma strategiyaları və gələcək perspektivlərlə bağlı suallar verərək müzakirələrə qoşulublar. Valideynlər isə övladlarının təhsili və şəxsiyyət kimi formalaşması mövzusunda qonaqların fikirlərini öyrənərək, bu cür tədbirlərin əhəmiyyəini xüsusi vurğulayıblar.