Müdrik siyasi xadim Heydər Əliyevin anım günü
10 may 2018-ci il tarixdə liseydə ilk dərslər Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmişdir. Liseyin bir qrup müəllim və şagirdləri ümummilli liderin məzarını ziyarət etmiş və məzarına güllər qoymuşlar. Bu gün həmçinin sinif təşkilat saatları Heydər Əliyevin yubileyinə həsr edilmişdir. Həm ilk dərs zamanı, həm də sinif təşkilat saatlarında böyük dövlət xadiminin həyat və yaradıcıllığı haqqında geniş məlumat verilmiş, onun keçdiyi ömür yoluna bir daha nəzər salınmışdır.
Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq mühüm tarixi bir dövrü məhz Azərbaycan xalqının ümumilli lideri, Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev öz məqsədyönlü fəaliyyəti və səyi ilə Azərbaycan dövlətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə eləcə də Azərbaycanın dönməz müstəqilliyinə, inkişafına qədəm qoymasına nail olmuşdur. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi.