IV Uşaq Kitab Festivalı keçirilb

10 aprel 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə Bakı İdman Sarayında IV Uşaq Kitab Festivalı açılıb. Tədbir aprelin 13-dək davam edib.
Festivalın açılış mərasimi ANAİB-nin sədri Şəmil Sadiqin salamlama nitqi ilə başlayıb. O, festivalın uşaq kitab nəşri və ümumilikdə kitab nəşrinin inkişafı baxımından əhəmiyyətini vurğulayıb, bu tədbirin 4 il ərzində əldə etdiyi nailiyyətlərdən danışıb, iştirakçılara uğurlar arzulayıb.
Daha sonra layihənin direktoru, uşaq yazıçısı Fatimə Alxazlı minnətdarlığını bildirərək festival haqqında ətraflı məlumat verib.
Mərasimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova davam etdirərək belə tədbirlərin əhəmiyyətini vurğulayıb. O, festivalın uşaqları mütaliəyə həvəsləndirdiyini, əməkdaşlığın gücləndirilməsinə və Azərbaycanda kitab nəşrinin inkişafına töhfə verdiyini vurğulayıb.
Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova festivalı əsl bayram adlandıraraq hər kəsi təbrik edib. O, bu tədbirin hər il keçirilməsinin gözəl ənənəyə çevrildiyini, uşaqları mütaliəyə həvəsləndirdiyini vurğulayıb və təşkilatçılara uğurlar arzulayıb.
Sonra Milli Məclisin deputatı Mehriban Vəliyeva çıxış edərək qeyd edib ki, IV Uşaq Kitab Festivalı mədəniyyətə, ədəbiyyata dəyər verən hər kəs üçün sevindirici hadisədir.
“Expressbank”ın nümayəndəsi Raziyə Axundova təmsil etdiyi bank adından salamlama nitqi ilə çıxış edib. O, təşkilatçılara təşəkkürünü bildirib və festivalın keçirilməsində “Expressbank”ın rolundan danışıb, həmçinin belə tədbirlərdə iştirakın vacib olduğunu qeyd edib.
Daha sonra yazıçı-dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elçin Hüseynbəyli uşaqların təlim-tərbiyəsində, onların mənəvi inkişafında kitabların mühüm rol oynadığını vurğulayıb.
Açılış mərasiminin sonunda Şəmil Sadiq festivala verdiyi dəstəyə görə təşəkkür əlaməti olaraq xatirə mükafatlarını təqdim edib.
Tədbir çərçivəsində kitab təqdimatları, yazıçılarla görüşlər, şeir qiraətləri və uşaqlar üçün əyləncə proqramları nəzərdə tutulub. Ustad dərsləri, müsabiqələr, teatrlaşdırılmış səhnəciklər və interaktiv fəaliyyətlər də təşkil olunub.
Festival üç tematik gündən ibarət olub. Aprelin 11-i Milli Geyimlər Günü elan edilib - uşaqlara milli dəyərlərin aşılanması və mədəni irsin qorunması məqsədilə Azərbaycanın milli geyimləri ilə tanışlıq imkanı yaradılıb.
Uşaqlara peşələri tanıtmaq, onlarda maraq oyatmaq məqsədi daşıyan Peşələr Günü aprelin 12-də qeyd olub.
Aprelin 13-də uşaqların təxəyyülünün inkişafına və onlarda müsbət keyfiyyətlərin formalaşdırılmasına həsr olunmuş Nağıl Qəhrəmanı Günü olub.
4 gün davam edən Festival çərçivəsində hər gün minlərlə uşaq kitabının endirimli qiymətlərlə satışı, tanınmış ədiblərin təqdimat mərasimləri, imza günləri, əyləncəli kukla tamaşaları nümayiş etdirilib.
Həmçinin festivalda uşaqlar üçün intellektual master-klasslar, əyləncəli müsabiqələr, oxu saatları və səhnəciklər təşkil edilib.
Liseyimizin 6b, 8c, 6e, 5e sinif şagirdləri sinif rəhbərləri ilə birgə IV Uşaq Kitab Festivalında iştirak edib və bu festifaldan xoş təəssüratlarla ayrılıblar.