“Yeniyetmələr arasında zərərli vərdişlər haqqında” mövzusunda seminar keçirilib

04 dekabr 2024-cü il tarixində məktəbdə məktəbli uşaqlar arasında “Yeniyetmələr arasında zərərli vərdişlər haqqında” mövzusunda seminar keçirilib. Seminarda 10-cu sinif şagirdləri iştirak ediblər.
Seminarda müzakirə edilib ki, zərərli vərdişlər hər il dünyada milyonlarla insanın normal fiziki gücünü əlindən alır, psixoloji durumunu ağırlaşdırır. Ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatlar müxtəlif qərarlar qəbul edib ardıcıl iş, davamlı təbliğat aparsa da, dünyada zərərli vərdişlərin kökünü kəsməyə nail ola bilməyib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi açıqlamalardan məlum olur ki, zərərli vərdişlərin ən qorxulu cəhəti bu vərdişlərin ildən-ilə "gəncləşməsidir". Yəni son dövrdə bu qorxunc bəla kişilər və qadınlarla yanaşı, uşaqlar, yeniyetmələr və gənclər arasında daha da yayılaraq epidemiya halı alıb. Dünyada ürək-damar və beyin xəstəliklərinin, xərçəngin bir neçə növünün, qaraciyər serrozunun, hepatitin müxtəlif növlərinin, ağciyər, mədə-bağırsaq, tənəffüs sistemi və başqa xəstəliklərin ildən-ilə artmasının və bu xəstəliklər nəticəsində ölüm hallarının çoxalmasının əsas səbəblərindən biri də insanların, o cümlədən, gənclərin zərərli vərdişlərə qurşanmasıdır. Bu siyahıya tütün, spirtli içkilər, narkomaniya, qumar, "enerji içkiləri", kompüter oyunları, zərərli informasiyaların təbliği, mobil telefon, televiziya, musiqi, xəbərlər və başqa məlumatlar dinləmək üçün qulaqcıqlardan ifrat dərəcədə, hətta fasiləsiz istifadə və sair daxil edilir. Bildiyimiz kimi, ailə cəmiyyətin özəyi və dayağı, həmçinin dünyamızın gələcəyi hesab olunur. Zərəli vərdişlərə aludəlik isə ilk növbədə fərdləri hədəf alsa da, bütövlükdə ailələrə zərbə vurur. Yaxınları, doğmaları belə bəlalarla üzləşən insanların hər biri bədbəxtliyə düçar olur. Ailələrin zərərli, təhlükəli vərdişlər səbəbindən dağılıb məhv olması hazırda bəşəriyyətin ən dəhşətli problemlərindən biridir.
Siqareti adətən sağlamlığın birinci düşməni adlandırırlar. Onun tərkibində yüzlərlə kimyəvi maddə olduğu barədə mülahizələr var. Bunlardan 10-u insan sağlamlığı üçün ən təhlükəli və zərərli maddələrdir. Məhz elə buna görə də hər il dünyada nəfsinə sahib çıxmayan milyonlarla insan siqaretin və onun törətdiyi neçə-neçə xəstəliyin qurbanı olur. Siqaret həm də digər zərərli vərdişlərin meydana gəlməsində asanlıqla vasitəçi rolunu oynaya bilir. Siqaret çəkmək insan orqanizminə ciddi ziyan vurur. Xüsusi olaraq ağciyər xəstəliklərinə, o cümlədən, xərçəngə, vərəmə tutulma ehtimalı artır. Ticarət şəbəkələrində satılan siqaret qutularının üstündə tütünün sağlamlığa mənfi təsiri haqqında ciddi xəbərdarlıq qeyd edilsə də, həmin məlumatı çoxları nəzərə almadan yenə də hər gün siqareti qutu-qutu alıb çəkirlər. Bax, buna xalq içində "öz əlilə öz ayağına balta vurmaq" deyərlər.
Ölkəmizdə ticarət şəbəkələrindən yetkinlik yaşına çatmayanlara tütün məhsularının satılmasına qanunla ciddi qadağa qoyulub. Bu qaydanı pozan satıcılar cərimə ödəməli olurlar. Ancaq hələ də bu yöndə lazımi nəticə əldə edilməyib.
Spirtli içkilərdən istifadə ilk vaxtlarda sanki insana yaxşı təsir bağışlasa da, sonradan bu quduz düşmən yaxasını tanıyan insandan bərk-bərk yapışaraq ondan bəzən ömrün sonuna kimi əl çəkmir. Və get-gedə asılılıq, güclü aludəlik yaranır. İnsan yenə də əvvəlkitək ardıcıl içmək istəyir. Bu zaman insanda iradə gücü tamam itir, yuxu pozğunluğu və yaddaş problemi yaranır, ürək əzələlərinin zəifləməsi nəticəsində bu həyati orqanın ritmi pozulur. Həkimlər həyəcan təbili çalaraq bildirirlər ki, spirtli içkilərə aludəlik insanlarda 200-dən çox xəstəliyin yaranmasına səbəb olur. Xüsusilə mədədə turşuluq artır, ağıl get-gedə azalır, huşsuzluq yaranır, insanda mənlik, məsuliyyət və cavabdehlik hissi yox olur. Həmin vaxt insanda müxtəlif psixoloji, sosial, fizioloji, mənəvi və digər problemlər baş qaldırır. Spirtli içkilərdən asılılığı olan insanların, xüsusilə gənclərin dünyaya gətirdiyi uşaqlar müxtəlif növ fiziki və psixoloji qüsurlarla doğulurlar. Bu da ailəyə əlavə bədbəxtlik gətirir. Ailə və cəmiyyət üçün gələcəkdə heç vaxt həllini tapa bilməyən maddi və mənəvi problemə çevirilir. Həddindən artıq alkoqol qəbulu ürək-damar, qaraciyər, xərçəng, mədə-bağırsaq, yuxusuzluq, maddə asılılığı və sair yaradır. Spirtli içkilərdən uzun müddət və artıq dozalarda istifadə daxili orqanların və bütün bədən sisteminin məhv olmasına şərait yaratmaq deməkdir. Respublikamızda etil (qida) spirti, alkoqollu və energetik içkilərin yetkinlik yaşına çatmayanlara satılmasına görə də cərimə tətbiq edilir. Ancaq təəssüf ki, bu kimi tədbirlərlə də arzulanan nəticə hasil olmur.
Son məlumatlara əsasən, dünyanın 250 milyon sakini narkotik vasitələrdən asılı vəziyyətdədir. Onlardan 3 milyon nəfəri QİÇS xəstəliyinin daşıyıcısıdır. Siqaret, alkoqol və narkotik vasitələr üçəm ekizlər kimi bir-birinə gözəgörünməz bağlılıq təşkil edir. Nəfsinin qurbanı olan, iradəcə zəif və nadan insanlar, xüsusən gənclər bu üç 3 zərərli vərdişə meylləndikləri halda əksərən ölənədək bunlardan qurtula bilmirlər. Gələcəyimiz olan gənclərimizi bu amansız təhlükələrdən, nəyin bahasına olursa olsun, qorumalıyıq.