"Qobustan Dövlət Tarix -Bədii Qoruğu" na ekskursiya təşkil olunub
Bu gün liseyimizin 8 və 9-cu sinif şagirdləri "Qobustan Dövlət Tarix -Bədii Qoruğu"nda ekskursiyada olublar. Qədim mədəniyyətimizə səyahət, tarixi köklərimizlə yaxından tanışlıq onlarda vətənimizə, onun dəyərlərinə hörmət və sevgi hissini aşılamaqda xüsusi rola malikdir. Bəzən bir neçə dərsin verə bilmədiyi biliyi, formalaşdırma bilmədiyi bacarığı bir ekskursiya daha müməmməl reallaşdıra bilir. Odur ki, tədrisin bu formasına müraciət genişlənməli, əyanilik artırılmalıdır.
Qobustan Azərbaycanın qədim tarixinin yadigarlarından biridir. Qoruq bu ərazinin üst paleolit və mezolit dövrlərinin ilk ovçu qəbilələrinin, neolit dövrünün ilk maldarlarının məskəni olmasını sübut edən abidədir. Ərazidə aparılmış tədqiqatlar nəticəsində mindən çox qayanın üzərində altı mindən artıq təsvir qeydə alınmışdır. Burada 40-dan artıq kurqan aşkar olunmuş və 105 mindən çox maddi-mədəniyyət nümunəsi tapılmışdır. Qobustan qayalarında insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələri təsvir edilmişdir. Oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilmiş təsvirlərin ən qədimləri eramızdan əvvəl VIII minilliyə aiddir.
Ekskursiyanın keçirilməsinin əsas məqsədi şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, tarixi-bədii qoruqlarımızın onlara tanıdılması, uşaqlara dövlət qayğısının artırılmasından ibarət idi.