“Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində ekoklub üzvlərinin IX Ekoloji Forumu keçirilib
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və “EkoSfera” SEM-in təşəbbüsü və təşkilatçılığı ilə 30 aprel 2024-cü il tarixində “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində ekoklub üzvlərinin IX Ekoloji Forumu təşkil edilib.
Bu ilki forumun məqsədi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iqlim dəyişikliyinin azaldılması və ətraf mühitin sağlamlaşdırılması sahəsində məktəbliləri məlumatlandırmaq, onların ekoloji proseslərdə rolunu artırmaq, yaşıl enerji, biomüxtəlifliyin qorunması, COP29-la bağlı mövzu ətrafında fikir mübadiləsi aparmaq olub.
Forumun açılışında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, COP29 Təşkilat Komitəsinin üzvü Firuzə Sultan-zadə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının iqlim dəyişikliyinin təsirinin azaldılması, yaşıl enerji mənbələrinə keçid, iqlim böhranının həlli üçün fürsət olduğunu, ölkədə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin sosial-iqtisadi prioritetlərdən biri olduğunu qeyd edib.
Açılışdan sonra “Challenge for Sustainable Lifestyle” (Dayanıqlı həyat tərzi üçün çağırışlar) 5 istiqamət üzrə məktəblilərin ən yaxşı innovativ startap qalibləri mükafatlandırılıb.
Forumda Bakı şəhəri üzrə 40 ümumtəhsil müəssisələri və 30 regional Uşaq-Gənclər İnkişaf mərkəzlərində fəaliyyət göstərən ekoklubların 100 fəal üzvlərinin dünyaya çağırışları, ətraf mühitin mühafizəsinin aktuallığını və kollektiv fəaliyyətin zəruriliyini vurğulayan video mesaj və açıq məktublarının təqdimatı olub.
Paralel sessiyalarda bitkilərin və heyvanların iqlim dəyişmələrinə uyğunlaşması, iqlim və sağlamlıq, istixana qazlarının azaldılması mövzuları mükazirə olunub. “COP29 – İqlim fəaliyyəti və öhdəlikləri” təqdimatı nümayiş etdirilib, forumun yekununda qətnamə qəbul edilib. Daha sonra ”Uşaqlar və iqlim”, “Uyğunlaşma və adaptasiya alətləri”, ”İndiki və gələcək nəsillərin dayanıqlılığı” mövzularında diskussiya və interaktiv ekoloji viktorina keçirilib.
IX Ekoloji Forumda Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin 1-ci kurs tələbələri, EkoSfera” SEM-in könüllüləri iştirak edib, “Challenge for Sustainable Lifestyle” Dayanıqlı həyat tərzi üçün çağırışlar innovativ startap müsabiqəsində öz layihələri ilə “İstehlak” nominasiyası üzrə Bakı Dövlət Universitetinin nəzdində Gənc istedadlar liseyinin ekoklub üzvləri Zamanlı Ruxsarə, Əzizi-Meşkin Fərəh və Cəfərli Samirə, “Mobillik” nominasiyası üzrə “EkoSfera” SEM-in ekoklub üzvləri Ayşə Sultan Öz, Talıbov İsmayıl, Həbibzadə Mehdi, “Qida” nominasiyası üzrə T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin ekoklub üzvləri İsmayılova Emili, Muxtarov Vilayət, Yaqubova Nilay, “Ev” nominasiyası üzrə Respublika İncəsənət Gimnaziyasının ekoklub üzvləri Məmmədzadə Elazə, Yəhyayeva Əsmər, Süleymanova Rüqəyya, “İqlim” nominasiyası üzrə Kimya-Biologiya Təmayüllü Respublika liseyinin ekoklub üzvləri Alcanov Özcan, Qədirli Əkbər qalib olublar.
Forumda keçirilən ekoloji viktorinada Qədirli Əkbər I, Həbibzadə Mehdi II və Cəfərli Əminə III yerə layiq görülüb.
Liseyin şagirdləri Nuridə Hacalı, Nuridə Qarayeva, Xəlil Fuad da konfransda iştirak ediblər.
Ekoloji Forum IMAX-da nəsli kəsilmək təhlükəsi altında olan növlərdən biri “Pandalar” adlı sənədli filmə baxışla yekunlaşıb.
Qeyd edək ki, IX Ekoloji Forum “Yaşıl Dünya üçün Həmrəylik İli” və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunub.