“Yallı: güc, harmoniya və birlik simvolu” adlı məktəblilər üçün “Akvarium” formatında tədbir keçirilib

    25 aprel 2024-cü il tarixində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə Respublika səviyyəli “Yallı: güc, harmoniya və birlik simvolu” adlı məktəblilər üçün “Akvarium” formatında ictimai dinləmə və müzakirə tədbiri keçirilib.

    Hibrid formatda təşkil olunmuş tədbir uşaq və gənclərdə Azərbaycanın ən qədim rəqs növlərindən olan yallıya, milli folklora maraq oyatma, onun tarixi və məzmunu barədə məlumatlanma və onları bu incəsənət növünə yönəltmə məqsədini daşıyır.

    Rəsmi açılışında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə Azərbaycanın mədəni irsinin mühüm hissəsi olan Yallı rəqsi ilə uşaq və gəncləri tanış etməklə, ölkəmizin zəngin adət-ənənələrini qiymətləndirməyə kömək etdiyini vurğulayıb. UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Yallının qəhrəmanlıq motivləri ilə yanaşı, qədim tayfaların əhvali-ruhiyyəsini, güc və birliyini, xalqımızın yaşam tərzini, adət-ənənəsini, mübarizliyini, qorxmazlığını əks etdirdiyini öz çıxışında xüsusi qeyd edib.

    “Akvarium” formatında ictimai dinləmə və müzakirə tədbirində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İncəsənət və Qeyri-Maddi Mədəni İrs İdarəsinin rəisi Sevil Kərimova, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının əməkdaşı Mustafa Şabanov, Azərbaycan Milli Elmlər Akademiyasının Sənətşünaslıq üzrə fəlsəfə doktoru Afaq Hüseynova, Tarix üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Fikrət Abdullayev, Prezident mükafatçısı, Bakı Xoreoqrafiya Akademiyasının müəllim-xoreoqrafı Çinarə Quliyeva öz fəaliyyətləri barədə və mövzu ətrafında danışıb, tədbirin əhəmiyyətini vurğulayıblar.

    Münsiflər heyəti tərəfindən “Rəqs tarixinin tədqiqi və ənənələrinin qorunması”, “Rəqs fəlsəfəsi”, “Rəqs ritmləri, mifologiyalar, rituallar və yerin tarixi”, “Rəqs kəsişmələri: Yallı və digər mədəniyyətlər", “Qlobal səslər: Musiqili kollaborasiyada Yallı” nominasiyaları üzrə iştirakçıların çıxışları qiymətləndirilib.

    Qeyd edək ki, 11-17 yaş şagirdlər arasında və 5 nominasiya üzrə keçirilən tədbirdə 193 nəfər qeydiyyatdan keçib, ilkin mərhələdə 93 nəfər seçilib, finala vəsiqə qazanan 34 nəfərdən 15-i qalib seçilib.

    Liseyin "Gənc Diyarşünslıq" dərnəyinin rəhbəri Aynurə Həsənova tədris etdiyi dərnək üzvləri olan 5-ci sinif şagirdləri-Sevinc Fərəhli, Ləman Mahmudzadə, Raziyyə Abdullayeva, Raziyyə Abdurrəhmanova, Fəridə Qulamova və Ləman Qarayeva da müsabiqədə iştirak ediblər. L.Qarayeva Respublika müsabiqəsində 3-cü yerə layiq görülüb.

    Balakən, Göyçay, Qubadlı, Astara, Hacıqabul, Oğuz, Şəmkir, Masallı rayonlarını təmsil edən iştirakçılar isə tədbirə onlayn qoşulublar.

    “Cücələrim” mahnı və rəqs ansamblının ifasında “Qarabağ yallısı” rəqsi ilə tədbir yekunlaşıb. Sonda hər nominasiya üzrə qaliblər diplomlarla təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi