“Təhlükəsiz reproduktiv sağlamlıq davranışları və sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib.

    Liseyin akt zalında biologiya müəllimləri Sədaqət Əliyeva, Ariz Məmmədov, həkim Leyla Nuriyeva və tibb bacısı Könül Əhmədovanın iştirakı ilə VIII-IX sinif şagirdləri ilə “Təhlükəsiz reproduktiv sağlamlıq davranışları və sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib.

    Onlar yeniyetmə və gənclərin sağlam nəsil kimi yetişməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb, əhalinin, xüsusilə də uşaq və gənclərin sağlamlığının qorunması, reproduktiv sağlamlıq hüquqlarının təmin olunması, uşaqların doğulanadək cins seçiminin qarşısının alınması istiqamətdə qəbul edilən qanunlar, dövlət proqramları, həyata keçirilən tədbirlər barədə danışıblar. Həkim Leyla Nuriyeva çıxış edərək, tədbir iştirakçılarına reproduktiv sağlamlığın qorunmasına dair ümumi tövsiyələr verib.

    Daha sonra biologiya müəllimləri Sədaqət Əliyeva və Ariz Məmmədov  “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” təqdimatı ilə çıxış edərək, reproduktiv sağlamlığın əsas amillərindən, erkən nikahların reproduktiv sağlamlığa mənfi təsirindən, hamiləliyin süni yol ilə pozulmasının fəsadlarından, sağlam və arzu olunan uşaqların doğulmasının vacibliyini qeyd ediblər.

    Tədbirin məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdir. Reproduktiv sağlamlıq üzrə bilik və bacarıqlar məktəblilərə sanitar-gigiyenik qaydalara əməl etməyə, hər cür zərərli vərdişlərdən uzaq olmağa imkan verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi