Kahoot proqramında keçirilən dərslər şagirdlərin dərsə motivasiyasını artırır
Təhsil Nazirliyi Alqoritmika beynəlxalq proqramlaşdırma məktəbi ilə əməkdaşlıq çərçivəsində 2017-ci ildən etibarən ölkədə “Rəqəmsal bacarıqlar” layihəsini tətbiq edir. Layihənin məqsədi şagirdlərin İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında məqsədyönlü fəaliyyətinə nail olunması, müasir səriştə və bacarıqlara malik şəxslər kimi formalaşmasına dəstək göstərməkdir. Bu layihə şagirdlərin gələcəyi üçün yararlı olan alqoritmik düşüncə və məntiqin inkişafına, yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır.
Şagirdlər dünyanın ən məşhur proqramlaşdırma dillərində kodlaşdırmağı öyrənirlər. “Alqoritmika"-nın peşəkar metodist və məzmun heyəti tərəfindən yeni üsullar və ən innovativ metodlardan istifadə etməklə hazırlanan proqram bu sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Proqram fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır.
Liseyin 8c rus bölməsi şagirdləri “Rəqəmsal bacarıqlar” layihəsinin I yarımilin mövzularını əhatə edən sualları Kahoot proqramında cavablandırıblar. Dərs düşündürücü, əyləncəli və maraqlı olub. Şagirdlər dərsdən məmnun qalıb və davamlı olmasını təklif ediblər.