I “Yaşıl Şəbəkə” Festivalı təşkil olunub
25 dekabr 2023-cü il tarixində Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və “Gənc Təbiətsevərlər” hərəkatının 100 illiyinə həsr olunmuş I “Yaşıl Şəbəkə” Festivalı təşkil olunub.
“Yaşıl Şəbəkə” festivalı Ekoloji yönümlü və enerji effektli yaşıl məktəblər layihəsi çərçivəsində məktəblilərin VIII Ekoloji Forumu, “Dayanıqlı həyat tərzi üçün çağırışlar” (Challenge for Sustainable Lifestyle) eko-startaplar müsabiqəsi və “Gənc Təbiətsevərlər” hərəkatını özündə birləşdirib.
Festivalın məqsədi davamlı inkişaf həyat tərzi sahəsində uşaqlar, gənclər və aparıcı ekspertlər arasında sıx qarşılıqlı əlaqələrin qurulması, ətraf mühitin vəziyyətinə biganə olmayan və aktiv fəaliyyətə hazır olan gənc liderlər cəmiyyətinin inkişaf etdirilməsi, uşaq və gənclərin innovativ ideyalarının inkişafı və həyata keçirilməsi üçün əlverişli mühitin yaradılmasıdır.
I “Yaşıl Şəbəkə” festivalında Bakı şəhərinin 40 ümumtəhsil məktəbindən 200-nəfər ekoklub üzvü, Mingəçevir şəhəri, Lənkəran, Qax və Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvləri qatılıblar.
Festival proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, UNICEF, FAO, UNDP, BMT-nin İnkişaf Proqramı, Tusi-Bohm Planetariumdan rəsmi nümayəndələr və İqlim elçiləri iştirak ediblər.
Tədbirin rəsmi hissəsində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə festival iştirakçılarını və qonaqları salamlayıb, “Orqanik məktəb bağı” (Organic School Garden), “Dayanıqlı həyat tərzi üçün çağırışlar”, “Gələcəyə hər kəs götürülməyəcək. Texnologiyalar təbiətin keşiyində” layihələri haqqında məlumat verib.
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd olunanları nəzərə alaraq festival çərçivəsində 2024-cü il ərzində Ekoklub liderləri arasında ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində maarifləndirmə işlərinin davam etdirilməsi nəzərdə tutulub.
Festivalda 6 panel sessiyası üzrə qida (sağlam və rasional qidalanma, qida təhlükəsizliyi, qida sənayəsi sahəsində innovativ texnologiyalar) aqro (orqanik kənd təsərrüfatı və aqrobimüxtəliflik), mobillik (ekoloji nəqliyyatın üstünlükləri, dayanıqlı turizm), ev (ağıllı ev və ekoloji vərdişlərin və davranışların formalaşması), istehlak (dayanıqlı istehlak, tullantıların idarə edilməsi), iqlim (iqlim probleminin innovativ həll yolları) məktəblilərin innovativ startaplarının təqdimatı olub.
Layihələr innovativ, texnoloji, ekoloji və dayanıqlılıq meyarları baxımından peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib və seçilmiş 6 ekoloji startap akselerasiya proqramına keçmək hüququ qazanaraq mentorlar ilə inkişaf etdirmək imkanı əldə ediblər.
Tədbirdə liseyin "Bal arıları" dərnəyinin üzvləri Hacalı Nuridə, Qarayeva Nur, Xəlil Fuad, Məmmədov İslam "Mobillik" nominasiyasında iştirak ediblər.
Sonda bütün istirakçılar sertifikat və diplomlarla təltif olunublar.