Bakı Zooloji Parkında növbəti inteqrativ dərs keçirilib
30 noyabr 2023-cü il tarixdə liseyin 6a sinfinin bir qrup şagirdi Bakı Zooloji Parkını ziyarət edib. Şagirdlər müxtəlif heyvan növləri ilə tanış olublar.
Təbiət müəllimi Qaybalıyeva Ətrabə şagirdlərə bir sıra heyvanlar, onların həyat tərzi və qidalanması barədə məlumatlar verib.
Heyvanların həzm prosesi ilk növbədə qidanın tutulması və udulması ilə başlayır. Quru ilbizləri qidanı əzələli udlağı ilə xırdalayır. Arı, kəpənək və milçəklər çiçəklərin nektarını sorurlar. İlanlar şikarlarına hücum edərək onları bütöv udsalar da, qurbağalar yapışqanlı dilləri ilə tuturlar. Əksər orqanizmlərdə qidanın mənimsənilməsi həzm sistemi vasitəsilə həyata keçirilir.
Həşəratlar, balıqlar, quşlar və məməlilərin bəziləri yırtıcı həyat tərzi keçirir. Yırtıcıların qidasını digər heyvanlar təşkil edir. Yırtıcı heyvanlarda şikarı tutmaq və parçalamaq üçün güclü ətraflar, yaxşı görən gözlər və iti dişlər olur. Onların bədənində qidanın həzmi tez başa çatdığından bağırsaqları nisbətən qısa olur.
Şagirdlər inteqrativ dərsdən razı qalıb və bü cür dərslərin onların mövzunu daha tez mənimsəməyə yardımçı olduğunu bildiriblər.