Kiçik Akademiyanın konfransı keçirilib
26 may 2023-cü il tarixində Azad Hümbətov adına 291№li Ekologiya liseyində Nərimanov r-nu uzrə təhsil müəssisələrində fəaliyyət göstərən Kiçik Akademiyaların konfransı keçirilib. Konfransın işində müxtəlif məktəblərdən gələn şagirdlər özlərini təqdim ediblər. Konfransın açılışında iştirak edən liseyin direktoru Arif Əsədov şagirdlərə ugurlar arzulayıb.
Aparıcı qismində çıxış edən Nərimanov rayonu üzrə Kiçik Akademiyaların ümumi rəhbəri Ariz Məmmədov ilk olaraq sözü 36№-li tam orta məktəbin şagirdi Həsənzadə Xədicəyə verib. “Orqanik məhsullardan istifadə edək-saglam olaq” mözusunda çıxış edən Xədicə aloya bitkisinin əhəmiyyətindən, onun əsasında hazırlanan bir sıra məhsullar barəsində maraqlı məlumatlar verib.
Növbəti çıxış üçün söz 193 №li məktəbin şagirdi Əli Abdullayevə verilib. “Kənd təsərrüfatında yetişdirilmiş meyvə və tərəvəzlərin yetişmə dərəcəsinə görə çeşidləyən robot” mövzusunda hazırladığı bu təqdimat işində Əli Abdullayev qeyd edib ki, yetişmə dövründə meyvə-tərəvəzlərin rəngi tədricən dəyişir. Avtomatik olaraq bunu qeydə alan robot qurğusu məhsul yığımı, saxlanması məsələlərinin bir sıra problemlərini həll edə bilər.
82 №li məktəbdən Məmmədova Banuçiçək “Ölümsüzlık-ömrümüzü necə uzatmaq olar?” mövzusunda çıxış edib. İnsan sağlamlığının qorunması işində nanotexnologiyanin naliyyətlərindən istifadənin prespektivlərindən danışan məruzəçi bu sahənin üstünlükləri haqqında geniş məlumat verib. Həmin məktəbin digər şagirdləri Qədirzadə Aysu, Yusifli Vasif, Teymurova Aytən “Azərbaycanın regionları nə ilə zəngindir?” mövzusunda maraqlı təqdimatla çıxış ediblər. Onlar əl işi olaraq hazırladıqları Azərbaycanın xəritəsini nümayiş etdiriblər, döğma vətənimizə həsr edilmiş şeir söyləyiblər.
37 №li məktəbin şagirdi Xəlilova Fəridənin “Qarabağın təbii sərvətlərinin acgöz əllərdən xilas olunması” mövzusunda hazırladığı təqdimat konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Uzun illər düşmən tapdağı altında qalmış, sərvətləri talan edilmiş bu gözəl diyarın füsünkar gözəlliyindən söhbət açan təqdimatçı böyük marağa səbəb olan məhşur Qarabağ atları haqqında geniş məlumat verib.
202 №li məktəbin şagirdi Mirzəyeva Nəzrin hazırladığı təqdimat işini Azərbaycan tarixinə həsr edib. “Azərbaycan Səlcuq imperiyasının tərkibində” adlı təqdimat işində Nəzrin Azərbaycan tarixinin bu dövrünə aid bir sıra maraqlı faktları dinləyicilərin nəzərinə çatdırıb.
178 №li məktəbin şagirdi Vəliyev Əli hazırladığı təqdimat işinin adı belədir: “Heydər Əliyevin 100 illiyi". Ulu Öndərin həyat və fəaliyyətindən danışan Əlinin səlis danışığı, nitq qabiliyyəti hamının marağına səbəb olub.
Azad Hümbətov adına 291№li Ekologiya liseyinin şagirdi Nuray Hümmətova təqdimat işini Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu mövzusuna həsr edib. Çıxış çox maraqlı videoçarxın nümayişi ilə tamamlanıb.
Konfransın işində müəllim və direktor müavinləri Aygün Qasımova və Əsmər Kərimova (82№-li məktəb), Azər Həsənli (178№-li məktəb), İlahə Xankişiyeva və İlhamə İsmayılzadə (36№-li məktəb), Esmira Əliyeva və Əzimli Gülnar (37"-li məktəb), Samirə Əliyeva (202№-li məktəb), Səfərova Sənubər və (193№-li məktəb) iştirak ediblər.
Konfransın sonunda şagirdlərə Kiçik Akademiyanın işində fəal iştirak etdiklərinə görə tərifnamələr verilib, xatirə şəkilləri çəkilib.
Bununla konfrans öz işini yekunlaşdırıb.