"Gənc bioloqlar" adlı bilik yarışı keçirilib

    17 may 2023-cü il tarixində liseyimizdə "Gənc bioloqlar" adlı bilik yarışı keçirilib.  Bu bilik yarışı çox fərqli formatda və müasir tələblərə cavab verən meyarlara əsasən təşkil edilib. İştirakçı şagirdlərimizin hər biri ilk mərhələdə həyəcanlı idilər. Çünki bu formada keçirilən yarış liseydə ilk dəfə təşkil olunub.

     Hər uşaq öz mobil telefonu ilə ümumi şəbəkəyə qoşulur, oradan da mərkəzi sistem vasitəsilə lövhədə sualları görür, əllərindəki mobil operatorla sualları cavablandırırdılar. Verilmiş vaxt şagirdləri daha diqqətli və sürətli düşünməyə vadar edirdi.

    Şagirdlər yarışa 16 nəfərlə başladı və 2-ci mərhələnin nəticələrinə görə 8 şagird yarımfinala vəsiqə qazandı. Nəticələr iki mərhələnin yekun qiymətləndirilməsinə görə hesablandı və növbəti mərhələdə ən çox xal toplamış şagird 3-cü mərhələdə ilk mövzu seçimi şansını qazandı.

    Mübarizə çox gərgin və maraqlı keçdi. Çünki artıq finala keçid var idi. Hər şagird seçdiyi mövzuya uyğun xalını topladı. Şagirdlər çox fəal idilər. 50 saniyə ərzində demək olar ki, bütün suallara cavab verildi və ən çox xal toplayan 3 şagird finala vəsiqə qazandı. Finalçılar 7ç sinif şagirdi  M.Nigar, K.Səma və 7b sinif şagirdi M.Xanım oldu.
    Qızlarımıza "Əhsən" deyərək yarışımıza davam etdik. Şagirdlər çox əzmlə yarışırdılar, onların hər biri çox diqqətli və təmkinli idi.

    Yarış boyu münsiflər heyəti və məktəb rəhbərliyi oyunu çox həyəcanla izləyirdilər. Çünki yarışma çox maraqlı mübarizə şəraitində davam edirdi. Verilmiş 15 sualın bitməyinə az qalırdı, amma hələ də qalib yox idi. Nəhayət, 7ç sinif şagirdi M.Nigar 1 xalla irəliləyərək yarışmanın qalibi oldu.

    Liseyimizin direktor müavini Ç.Günay bu yarışın keçirilməsində ən böyük dəstəkçimiz idi. Direktor müavini Ç.Günay və münsiflər heyətinin qərarına əsasən, 3-cü yer təyin edilmədi. Çünki digər 2 şagird də eyni xala malik idilər. Belə qərara alındı ki, hər iki şagird eyni xal qazandığına görə 2-ci yerə layiq görülsünlər.

    Müasir dövrümüzdə bu tip yarışların keçirilməsi üçün müasir texniki vasitələr işlək vəziyyətdə olmalı və uşaqlar bu vasitələrlə təmin olunmalıdırlar. Düzdür, biz bütün çətinliklərə baxmayaraq, liseyimizdə çox gözəl bir iş ərsəyə gətirdik.

    Yarışı keçirməkdə daha bir məqsədimiz var idi. Bizim liseyə təhkim olunan ADPU-nin tələbə heyətinin praktik təcrübələrini keçirmək üçün həm dərs müddətində, həm də bu yarışda qazandıqları təcrübələri gələcək iş həyatlarında istifadə edəcəklərinə inanırdıq.

    Yarışa qədər şagirdlərlə hazırlıq müddətində təcrübəçi müəllimlər bu yarışın keçirilməsində çox həvəsli idilər. Onlar şagirdlərlə görüşür, öz məsləhətlərini verirdilər.

     Müasir təlim metodlarında İKT bacarığına yiyələnmək həm müəllim üçün, həm də şagird üçün çox önəmlidir. Çünki ekranda açılmış suallar gözlə görünüb cavablandırılır. Bir düyməni basmaq yetərlidir ki, fikrini bildirəsən.

    Yarışın sonunda şagirdlər diplom və təltifnamələrlə təltif olunublar. Şagirdlər çox sevincli idilər. Çünki hər iki sinfin şagirdləri layiqli yer tutublar. Gələcəkdə də bu tip yarışlar keçirmək planlaşdırılır.

    Bütün iştirakçı şagirdlərimizə uğurlar arzu edirik, uğurları davamlı olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi