Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq-alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş məktəblilər arasında bilik yarışı keçilib
27 aprel 2023-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin konfrans zalında Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq-alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş məktəblilər arasında bilik yarışı keçirilib.
Yarışın məqsədi Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyini qeyd edilməsindən, gənclərin elm və yaradıcılıq potensialının nümayiş etdirilməsi üçün əlverişli şəraitin yaradılmasından, eyni zamanda istedadlı və potensiallı gəncləri müəyyən etmək və gələcəkdə onların potensialını inkişaf etdirmək yolunda mühüm addımların atılmasından ibarətdir.
Tədbirdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov cənab Prezidentimiz İlham Əliyevin anası, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, mənəvi dayağı olan, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür yaşayan Zərifə xanımın nurlu obrazının yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacağını, onun parlaq xatirəsinin daim anılacağını, xalqımızın qəlbində əbədi yaşayacağını söyləyib.
Qeyd edək ki, yarışda rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərindən 21 nəfər şagird iştirak etmişdir. Yarışın aparıcısı “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin layihələr üzrə koordinatoru Əli İsgəndərli qaydaları izah etdikdən sonra yarışa start verilib.
Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyinin şagirdi Əli Zamanlı yarışda II yerə layiq görülüb.
Qaliblər İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, fərqlənmiş şagirdlər fəxri fərmanlar, digər şagirdlər isə iştirak etdiklərinə görə sertifikatlar ilə təltif olunublar.