Bilik və bacarıqların tətbiqi məkanı

Hacıyeva Həqiqət Məhəmmədhacı qızı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya və onun tədrisi texnologiyası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru

 

     100 illiyinə yaxınlaşdığımız Ulu Öndər H.Ə.Əliyev demişdir: “Müəllim vəzifəsi ona görə şərəflidir ki, o cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaşlar hazırlayır”. Belə şərəfli peşəni seçmiş Pedaqoji Universitetin tələbələri təhsilin məsul bir dövrünə pedaqoji təcrübə dövrünə qədəm qoymuşlar. Pedaqoji təcrübənin təşkilinin əsas məqsədi tələbələrin əvvəlki kurslarda aldığı nəzəri biliklərin praktikada ümumtəhsil məktəblərdə fənlərin tədrisində tətbiq edərək müəllimə xas olan bacarıqları əldə etmək və vərdişə çevirməkdir.

    Bu baxımdan kimya və biologiya fakültəsinin kimya və biologiya müəllimliyi ixtisası üzrə V kurs KB1801B, KB1802B qruplarının tələbələri ilə Bakı şəhəri Nərimanov rayonu 291 saylı Ekologiya liseyində pedaqoji təcrübəyə başladıq.

    Başda direktor Arif Əsədov olmaqla məktəb kollektivi bizi çox səmimi qarşıladılar. Məktəbin qayda-qanunu, adət ənənələri, keçmiş fəaliyyəti ilə bizi tanış etdilər. Tələbələr az vaxtda həm müəllimlər, həm də şagirdlərlə doğmalaşdılar. Çox gözəl yeni geniş bir kollektiv formalaşdı.

   Biologiya müəllimləri Sədaqət Əliyeva, İradə Zöhrabova fənn kabinetlərinin qapılarını tələbələrin üzünə taybatay açdılar. Tələbələrin sifətindəki təbəssüm onların məktəb kollektivindən razılığının təcəssümü idi. Tələbələrin sınaq dərsləri biri-birindən maraqlı, keyfiyyətli təşkil olunurdu. Tələbələr universitet fənlərinin tədrisində öyrəndikləri, hətta öyrənmədikləri məsələlərin praktikada tətbiq etməyə başladılar. Fənn müəllimləri ilə birlikdə biologiya kabinetinin laborantı Vüsalə Həsənova da tələbələrə dərslərin keçirilməsində çox kömək edirdi. Məktəbin tarixi keçmişi ilə tanış olduqda məlum oldu ki, məktəb hər sahədə xüsusilə kimya, biologiya sahəsində çox səmərəli layihələrin, müsabiqə, sərgi və digər tədbirlərin iştirakçısı və qaliblərindəndir. Məktəbin fəal, bilikli, bacarıqlı şagirdləri həm də çox qabiliyyətli, mədəni, mənəvi cəhətdən zənginliyi ilə seçilirlər.

     Tələbələrimiz məktəbdə sərbəst bir müəllim fəaliyyəti göstərməklə maraqlı sınaq dərsləri keçirlər. Belə ki, tələbə Sədirli Ağəli 7ç sinfində “Həşəratlar sinfi” mövzusunu tədris edərkən əyləncəli oyunlar metodunu tətbiq etmiş, həşəratlarla bağlı atalar sözləri, tapmacalar, krossvordun həlli kimi formalara geniş yer vermişdir. Şirinli Əfşan “Həşəratların müxtəlifliyi və təbiətdə yayılması” mövzusunu rollu oyun metodunun tətbiqi ilə şagirdlərin maraqlandığı formada tədris etmişdir. Zərbiyeva Bəsti “Balıqların müxtəlifliyi” mövzusuna dair onlayn ekskursiyanın tətbiqi ilə çox maraqlı bir dərs təşkil etmişdir. O, “Dərman bitkiləri” mövzusunun tədrisində nəzəri bilikləri praktik olaraq bir çox faydalı dərman bitkilərinin (nanə, kəklikotu, çobanyastığı, gülxətmi, yemişan, itburnu və s.) dəmləməsinə şagirdləri qonaq edərək bu çayların şagirdlərin əhval-ruhiyyəsinə təsirini öyrənmişdir.

    Məktəbdə universitetin magistrantları G.Hüseynli, Ş.Niftaliyeva, A.Abdullayeva, N.Qədirova, R.Məmmədova, H.Əliyeva və başqaları da öz tədqiqatlarında faydalanmış pedaqoji eksperiment aparmış, faydalı nəticələr əldə etmişlər.

    Məktəb kollektivi Ulu Öndər Heydər Əliyevin 100 illiyinə dair maraqlı tədbirlər keçirirlər. Onlardan biri siniflərarası “Bilik yaraşı” nın təşkilidir.

    Mən-Şirinli Əfşan 16 fevral 2023-cü il tarixindən etibarən Nərimanov rayon Azad Hümbətov adına 291 saylı Ekologiya liseyində pedaqoji praktikada olmuşam. Əminliklə qeyd edə bilərəm ki, bu praktika müddəti mənim universitetdən sonrakı həyatımda, müəllimlik fəaliyyətimdə əsaslı rol oynayacaq. Burada olduğum bir neçə ay ərzində müəllim olmağın məsuliyyətini dərk etdim. Gəldiyim ilk gündən lisey rəhbərləri tərəfindən isti münasibət, qayğı hiss etdim. Bu istiqamətdə məktəbin direktoru Arif müəllimin timsalında rəhbər işçilərin və eyni zamanda ilk gündən bizə dəstək olub, bizi dinləyən metodistlərimiz Həqiqət Hacıyevanın və Samirə Əliyevanın böyük rolu oldu.

    İlk dərslərdən başlayaraq həm  Kimya, həm də Biologiya fənnindən dərslərimizi müasir dövrün tələblərinə uyğun olaraq fəal təlim metodlarından istifadə etməklə  keçdik. Bu sahədə məktəb rəhbərliyi bizi hər cür İKT vasitələri ilə təmin etdi, istənilən vaxt liseyin kitabxanasından, əyani vəsaitlərindən istifadə etməyə icazə verdi. Bu baxımdan başda məktəbin direktoru Arif müəllim olmaqla liseyin bütün heyətinə dərin minnətdarlığımı bildirirəm.

    Dərslərə gəldikdə isə mən və digər qrup yoldaşlarım praktikada olduğumuz müddətdə olaraq tədris etməyə çalışdıq. Düşünürəm ki, dərslərimiz olduqca uğurlu oldu. Şagirdlər kifayət qədər savadlı, dünyagörüşlü və intellektual səviyyəli olduğuna görə tətbiq etdiyimiz dərslər də maraqlı oldu. Dərslərin təşkil olunmasında, bizə fənn müəllimləri – Ə.Sədaqət, Z.İradə, H.Məhəbbət və digər müəllimlərin böyük köməyi oldu. Ümumilikdə 5 illik universitet təhsilimdən sonra pedaqoji praktikanı bu cür, yüksək səviyyəli liseydə, dəyərli insanların, savadlı və intellektual şagirdlərin olduğu mühitdə olduğum üçün çox şadam.

    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi