Şagirdlərlə iş zamanı yanaşma metodları

    Hər bir müəllimin öz metodikası və dərsə yanaşması var. Müəllim hər bir dərsi eyni formada və metodda tətbiq etməməlidir. Yanaşma üsülu mövzuya uyğun olmalıdır. Hər bir şagird dərsi eyni mənimsəmir. An baxımından yanaşma metodu seçməliyik. Şagirdlər arasında yüksək təfəkkürə malik uşaqlarımız var ki, onlar fikirlərini yalnız yazılı formada yazmağı sevirlər. Şagirdlərimiz var ki, onlar öyrəndiklərini tətbiq edə bilmir,  amma fikirlərini sözlə mükəmməl çatdıra bilirlər. Bu baxımdan da iş prinsipimiz fərqli yanaşma ilə olmalıdır. Test tərtib edən zaman və yaxud tapşırıqları verən zaman müəllim hər bir şagirdi düşünməlidir, hər şagirdə fərdi yanaşmalıdır, tətbiqetmə sinfin səviyyəsinə uyğun verilməlidir.
    Zəif nəticə toplamış şagird il ərzində gündəlik hazırlığında qənaətbəxş cavablar vermişsə, ona tətbiqetmə zamanı güzəştlər edilməlidir. Bu həmin şagirdi həvəsləndirəcək və daha diqqətli olmağa cəlb edəcək. Şagirdlər təqdimat zamanı daha fəal olurlar. Əyani şəkildə keçirilən təqdimatlarda şagirdlər araşdırır, hazırlayır, təqdim edirlər. Bu baxımdan bu formada olan əməyi qiymətləndirməklə güzəştlər etmək lazımdır.

    Dərs zamanı şagirdlərin dərsdə məsuliyyətli və diqqətli olması dərsin gedişindən aslıdır. Dərs canlı, rəngarəng, hər kəsin iştirakı ilə keçildikdə bütün şagirdlər həvəsli olurlar. Şagirdin dərsə məsuliyyəti həm də davamiyyətdən asılıdır. Dərsdə mövzular ardıcıl və əlaqəli olduğu üçün dərsin keyfiyyəti də yüksək olur. Müəllim olaraq hər dəfə  mövzunu fərqli formada keçdikdə şagirddə dərsə maraq da yüksək olur. Şagirdlər fikirləşir ki, görəsən, müəllim bugünkü dərsimizi necə keçirəcək? Həm fənnə, həm də müəllimə olan hörmət qarşılıqlı olur.
    Müəllim metodikasında "bilmirsən", "bacarmırsan" sözləri işlənməməlidir. Hər bir şagirdin öyrənməsi və bacarması üçün çalışmalı metod və vasitə seçməliyik. Seçilmiş metodu tətbiq edən zaman mövzu şagird tərəfindən dərk olunmursa və yaxud zəif dərk edilirsə digər üsüllara müraciət olunmalıdır. Müəllim-şagird münasibətləri dərsin gedişatına da təsir edir. Xoş münasibət, qarşılıqlı hörmət, anlayışlılıq, idarəetmə, izahat, yanaşma vacib şərtlərdəndir. Zəif nəticəsi olan şagirdlərə xüsusi yanaşma olmalı, onlar üçün ayrıca tapşırıqlar tərtib edilməli, dərs prosesinə mane olmamaq şərti ilə onlara fikirlərini çatdırmağa cəlb etmək lazımdır. Onların müəyyənləşdirdiyi fikirlərə hörmətlə yanaşmaq, onların söylədiklərinə yaxşı münasibət bəsləyərək, onları həvəsləndirərək ruhlandırmağa çalışmaq lazımdır. Yəni sən çox şeyi bacararsan və edəcəksən. 

    Beləliklə də, şagirddə liderlik bacarığı yaranacaq. Bəzən şagirdlərdən az bir qismi lövhədə və yaxud elə yerindəcə çıxış etməyi özləri üçün bir tənbəllik forması kimi seçirlər. Amma bu onların savadsız və bacarıqsız olmasına dəlalət etməməlidir. Bu cür şagirdlərlə xüsusi formada, daha çox əyləncəli və düşündürücü iş vərəqləri və testlər tərtib etmək yaxşı olardı.

    Dərs müddətində şagird dərsdə olmaması səbəbindən dərsi qavramadığını bildirərsə, həmin şagirdə diqqət yetirməli və ayrıca vaxt ayırmalıyıq.  Ya da dərs müddətində müzakirələr zamanı həmin dərs hissələrinə müraciət edərək izahat vermək olar.

    Təbiətcə aktiv, yəni hiperaktiv şagirdlər dərs zamanı enerjili olurlar. Bu zaman onları dərsə cəlb etmək üçün xüsusi  tapşırıqlar seçmək lazımdır. Məsələn: Bütün sinfin marağında olan hər hansı bir tapşırığın icrasını ona tapşırmaq, əgər biologiya dərsidirsə, əyani olaraq təqdimat etməsini söyləmək olar.
    Yanaşma metodları düzgün seçildikdə dərsə məsuliyyət və sevgi, hörmət və nəticə yüksək olur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi