"Heydər Əliyev və Azərbaycanın tarixi" mövzusunda referat yazı müsabiqəsi keçirilib (davamı)
Azərbaycan Səfəvi imperiyası
(Şah I İsmayıl dövrü, 1501-1524-cü illər)
Səfəvilərin sürətli inkişafı, qısa bir müddətdə bölgənin ən güclü dövlətinə çevrilməsi, qızılbaş idealogiyasının qonşu dövlətlərin, eləcə də osmanlıların idarəsində olan ölkələrin əhalisi arasında geniş yayılması həmin dövlətlərin Səfəvilərə düşmən münasibəti yaratmasına səbəb oldu.
Şah İsmayıl hələ Səfəvilərin ilk çağlarından Çaldıran döyüşünün başlanmasına qədər, Osmanlılarla ehtiyatla davranmışdır. Osmanlı sultanı II Bəyazidlə Azərbaycan Səfəvi şahı I İsmayıl arasında xoş münasibətlər yaranmışdır. Məktublaşmalarda dövrünün iki böyük türk hökmdarı bir-birilərinə ata-oğul deyə müraciət edirdilər. Bu dövrlərdə Osmanlı sultanı II Bəyazidin oğlu, Trabzon hakimi olan Yavuz ləqəbli Səlim Sultan Bəyazidin Şah İsmayılla münasibətinə xor baxırdı. O Türkiyədə gündən-günə güclənən, ətrafına çoxlu tərəfdar toplanan qızılbaşlıq hərəkatına imperiya üçün təhlükəli bir qüvvə kimi yanaşırdı. Məhz buna görə də o, qəti tədbirlərə əl atmaq fikrində idi.1512-ci ildə taxta çıxan sultan I Səlim (1512-1566) Avropa dövlətləriylə sülh bağladı və bütün qüvvələrini Azərbaycana qarşı səfərbər etdi. Sultan Səlim Ədirnədə fövqaladə divan çağırdı. 1514-cü ildə Osmanlı ordusu I Səlimin rəhbərliyi ilə Səfəvilərin ərazilərinə daxil oldu. Lakin I Şah İsmayıl Osmanlılara qarşı bir başa əməliyyata keçmədi və ordular bir müddət qarşılaşmadı. Maku yaxınlığında düşərgə salan Osmanlı ordusu üzərinə gecənin qaranlıq çağında qəfil hücum etmək təklifinə Şah İsmayıl “mən karvan basan quldur deyiləm” cavabı ilə etiraz edir. Nəhayət günün aydınlanan vaxtında iki möhtəşəm türk ordusu qarşılaşır.
Döyüş üç gün davam edir. Səfəvilər qətiyyətlə Osmanlıların hücumunu dəf edirdilər, lakin Osmanlıların topları və tüfəngləri işə salması döyüşün gedişini dəyişdi. Şahın taktikası pozuldu və Osmanlılar qalib gəldilər. Döyüş nəticəsində Qızılbaşlar məğlub oldular və Osmanlılar Təbrizi tutdular.
Ancaq əhalinin müqaviməti və Səfəvi ordusunun toplanması sultanı 6 gün sonra Təbrizi tərk etməyə məcbur etdi. Sultan Şərqi Anadolunu ələ keçirdi və İstanbula döndü. Elə bu vaxt Azərbaycana artilleriya gətirməli olan Portuqaliya İran körfəzinə hücum etdi və Səfəfvilərin Hind okeanına çıxışını bağladı. Şah bəzi qızılbaşları cənuba, portuqaliyalılara qarşı vuruşmağa, Qara xanı isə Diyarbəkiri almağa göndərdi. Amma Qara xan 1516-cı ildə Qoçhisarda məğlub olaraq öldürüldü. Diyarbəkir, daha sonra Ərzincan Osmanlı torpaqlarına qatılır.
Şah İsmayıl ölümündən bir qədər əvvəl yorğunluq hiss etdiyindən ova çıxmaq qərarına gəlir. Şəki mahalına gələn Şah İsmayıl Şahdağa ov etmək üçün hazırlaşdığında yerli adamlardan birinin yüksəkliyin onun sağlamlığına zərər gətirəcəyini bildirsə də buna əhəmiyyət vermir. Nəhayət ov zamanı onun səhhətində problemlər yaranır, özünü yaxşı hiss etməyən Şah İsmayıl dərhal Ərdəbilə qayıdır. Vəziyyətinin burada da yaxşılaşmaması ucbatından təcili Təbrizə yola düşürlər. Sərab yaxınlığında halı o qədər pisləşir ki, Manqutayda düşərgə salmalı olurlar. Bütün müdaxilələrə baxmayaraq hökmdarın həyatını xilas etmək mümkün olmur. Görkəmli dövlət xadimi 1524-cü ilin iyun ayının 23-də əbədiyyətə qovuşur.
Sərkərdələri onun cəsədini Ərdəbilə gətirərək, babalarının yanında Şeyx Səfi məqbərəsində dəfn edirlər. Şah İsmayıl dövründə Azərbaycan dövləti və onun torpaqları möhkəmləndirildi. Türk dili rəsmi dövlət dili elan olundu.
Xətainin qısa ömrü bizim üçün nümunədir, vətən sevgisinin, torpaqların vahidliyinin, bütövlüyünün qorunması üçün məktəbdir. Məhz Xətai kimi şəxsiyyəti yetişdirən torpaq Heydər Əliyev kimi dahini formalaşdıra bilərdi. Məhz həyat və fəaliyyəti dövründə Heydər Əliyev əcdadlarının yolu ilə gedərək daima Azərbaycanın bütövlüyünü qorumuş, bütün sahələrdə onun inkişafının qarantı olmuşdur.
Çox sevindirici haldır ki, tale müasir dövrdə ən çətin bir tarixi zamanda Azərbaycan xalqına Heydər Əlirza oğlu Əliyev kimi dahi bir şəxsiyyəti bəxş etdi. Ulu öndər Heydər Əliyev bütün həyatı boyu Azərbaycan dövləti və dövlətçiliyi sahəsində misilsiz işlər gördü. Azərbaycan müstəqilliyi möhkəmləndi, Azərbaycan dili rəsmi olaraq dövlət dili elan olundu. Azərbaycan bütün sahələrində inkişaf və quruculuq işləri həyata keçirildi. XVI əsrdə Şah İsmayıl Xətainin dövründə başlamış dövlətçilik ənənələri XX əsrdə məhz dünya səviyyəli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyəti illərində hüquqi və siyasi cəhətdən möhkəmləndi. Bəli, biz bu gün əldə etdiyimiz müstəqilliyimizi Heydər Əliyevə, bu dahi şəxsiyyətə borcluyuq. Fəxrlə deyə bilərik ki, XVI əsrdə Şah İsmayıl Xətainin başlatdığı dövlətçilik ideyaları Azərbaycanın böyük oğlu Heydər Əliyevin uzaqgörən zəkası nəticəsində möhkəmləndirildi. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Bütün bunlara görə biz bu dahi şəxsiyyətə minnətdarıq.
44 günlük Vətən Müharibəsində qazandığımız tarixi zəfər Heydər Əliyev siyasi xəttinin, hərbi-siyasi qüdrətinin nəticəsi idi. Müasir və güclü Azərbaycan, səhərləri sevgi ilə açılan Azərbaycan Heydər Əliyevin şah əsəridir. Həmişə ürəyimizdəsiniz, dahi rəhbər! Biz də daha güclü Azərbaycan naminə hər zaman sizin yolunuza, dəst-xəttinizə sadiq qalacağıq!