"Heydər Əliyev və Azərbaycanın tarixi" mövzusunda referat yazı müsabiqəsi keçirilib
05 aprel 2023-cü il tarixində Nərimanov rayonu İcra Hakimiyyətində orta məktəb şagirdləri arasında ənənəvi "Heydər Əliyev və Azərbaycanın tarixi" mövzusunda referat yazı müsabiqəsi keçirilib. Referatlar müxtəlif mövzuları əhartə edib. Liseyin 8a sinif şagirdi Abdullayev Maarif Mahir oğlu da bu müsabiqəyə qoşulub. Referatın mövzusu “Şah İsmayıl Xətai - Azərbaycan Səfəvilər dövləti” olub.
Hazırladı: Abdullayev Maarif Mahir oğlu
Məktəb: Bakı şəhəri N.Nərimanov rayonu Azad Hümbətov adına 291 № li ekologiya liseyi
Sinif : 8 B
Telefon: 055-587-33-61
Mail adress: [email protected]
Elmi rəhbər: Budaqova Cəmilə
Mövzu: “Şah İsmayıl Xətai - Azərbaycan Səfəvilər dövləti”
Şah İsmayıl Xətai - Azərbaycan Səfəvilər dövləti
Azərbaycan ərazisi təkcə əlverişli coğrafi mövqeyinə, strateji geosiyasi vəziyyətinə, bərəkətli torpaqlarına görə dünya mədəni, siyasi-ictimai həyatında seçilib fərqlənməyib. Tarixin bütün səhifələrində dünya əhəmiyyətli şəxsiyyətlərin, şairlərin, yazıçıların, ictimai xadimlərin, sərkərdələrin, alimlərin formalaşdığı, yetişdiyi mənəvi diyar, zəngin mədəniyyət, elm, təhsil ocağı olmuşdur. Dünya xəttatlıq elmində xüsusi rol oynamış Xətib Təbrizi, Şərq epik şeiri deyərkən ilk ağıla gələn Nizami Gəncəvi, qəsidə janrının ustadı Xaqani Şirvani, hürufiliyi mükəmməl şəkildə təbliğ edən İmadəddin Nəsimi, söz sehrbazı sayılan Məhəmməd Füzuli, şərqin Molyeri olan M.F.Axundzadə, satira janrında nəhəng əsərlər yazan C.Məmmədquluzadə, hətta rəqib orduları tərəfindən hörmətlə, heyrətlə xatırlanan Ə.Şıxlinski, S.Mehmandarov, dünya alimlərini təəccübləndirən Y.Məmmədəliyev, M.Topçubaşov, X.Məmmədov, A.Mirzəcanzadə, Lütfizadə kimi dühalar bu torpağın, bu yurdun yetirmələridir. Bu milli-mənəvi dəyərlərimizin, nəsildən-nəslə keçərək gələn, qorunan zehni yaddaşımızın, şəxsi təfəkkürümüzün, kollektiv düşüncə tərzimizin yüksək inkişafının, varisliyinin göstəricisidir.
Azərbaycan tarixinin taleyüklü və mürəkkəb mərhələsində öz xilaskarlıq missiyası ilə vətənimizin təhlükəsizliyini təmin edən, böyük imperiyalar yaradan, düşmənlərə divan tutan, dünyanı lərzəyə gətirən şəxsiyyətlərimizdən biri də Səfəvi türk nəslindən olan Şah İsmayıl Xətaidir. Şah İsmayıl Xətai 1487-ci il iyun ayının 23-də Ərdəbil şəhərində anadan olmuşdur. Babası Şeyx Cüneyd və atası Şeyx Heydər Ərdəbil hakimi olublar. Anası Aləmşahbəyim isə Azərbaycan Ağqoyunlu hömkdarı Uzun Həsənin qızı idi. Atası Şeyx Heydər 1488-ci ildə Şirvanşahlarla müharibədə öldürüləndən sonra İsmayıl və ailəsi həbs edilmişdi. Dörd il yarım həbsdə saxlanıldıqdan sonra Ağqoyunlu hökmdarı Rüstəm Bayanduri onları İstəxr qalasından azad etdirib Ərdəbilə yola saldı. Amma az sonra Rüstəm Bayanduri Şeyx Heydərin oğlanlarının şöhrətindən qorxuya düşərək onların arxasınca beş min nəfərlik süvari göndərmişdi. 1494-cü ildə Şəməsi adlı yerdə baş verən döyüşdə Qızılbaşlar məğlub oldular. Ağqoyunlular yenidən Ərdəbili ələ keçirsə də, İsmayılla İbrahimi tapa bilmədilər. Qızılbaş tərəfdarları onları Ərdəbildən Gilana – Lahicana qaçırmışdılar.1499-cu ildə İsmayıl və onun tərəfdarları hakimiyyəti ələ almağa qərar verdilər. Ağqoyunlular arasında hakimiyyət uğrunda gedən döyüşlər bunun üçün əlverişli şərait yaratmışdı. Başda İsmayıl olmaqla Səfəvi tərəfdarları qarşılarına müqəddəs vəzifə qoymuşdular. İsmayıl Səfəvi başda olmaqla Qızılbaş hərəkatına qoşulan Azərbaycan türk tayfalarının mübarizədə əsas amalı pərən-pərən düşmüş Vətən torpaqlarını birləşdirib vahid, qüdrətli Azərbaycan dövləti qurmaq idi.
Bu müqəddəs missiyanı yerinə yetirmək üçün İsmayıl Səfəvi və onun tərəfdarları əlverişli şəraiti dəyərləndirərək 1499-cu ildə məskunlaşdıqları Gilan ərazisini tərk edib 70 nəfərdən ibarət bir dəstə ilə Ərdəbilə doğru hərəkət etməyə başladılar. Yolboyu onlara ustaclı, təkəli, varsaq, qacar, zülqədar, əfşar adlı Azərbaycan türk tayfalarından olan Qızılbaş tərəfdarları İsmayılın başçılıq etdiyi dəstəyə qatılırdı.
1500-cü ildə İsmayıl yeddi minlik ordu ilə Şirvanşah Fərrux Yasarın iyirmi min atlı və altı min piyada ordusu ilə Şamaxı yaxınlığında Cabanı düzündə qarşılaşır. Fərrux Yasar məğlub olur və Buğurd qalasına qaçmaq istəyir. Amma o, yolda olarkən Lələ Hüseyn bəyin yaxın adamları tərəfindən tutulub öldürülür. Bu qələbədən sonra qızılbaş ordusu Bakı üzərinə hücum edir. İsmayılın sərkərdəlik məharəti sayəsində Qızılbaş Səfəvi qoşunu tərəfindən Şirvanşahların paytaxtı Bakı şəhəri tutulmaqla yanaşı, Şirvan xəzinəsi də ələ keçirilir. İsmayıl bu qələbədən sonra ordusu ilə Şamaxıya qayıdaraq Buğurd, Gülüstan və Surxab qalalarını da ələ keçirmək istəyir. Gülüstan qalasının mühasirəsi zamanı Ağqoyunlu Əlvənd Mirzənin Culfaya hücum etmə xəbərini eşidən İsmayıl sərkərdələrinə “Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı? Deyə sual verir. Bütün ordu bir ağızdan Azərbaycan taxtı deyir. İsmayılın öz tərəfdarlarına etdiyi bu müraciəti və alınan cavab Səfəvilərin apardıqları mübarizədəki məqsədlərini bir daha bəlli edir.
Ağqoyunluların müxtəlif istiqamətlərdə hərəkət edən dəstələri qızılbaşlar tərəfindən məğlub edilir. Əlvənd Mirzə ilə İsmayıl arasında əsas döyüş Naxçıvan yaxınlığındakı Şərur düzündə baş verir. Əlvənd Mirzənin ordusunda Venesiyalıların köməyi ilə top və tüfənglərlə təmin olmasına baxmayaraq onlar məğlub olurlar. Əlvənd Mirzə kiçik bir dəstə ilə canını qurtarıb Ərzincana qaçır. Ağqoyunluların birinci qolunun məğlub olduğu bu şöhrətli qələbədən sonra İsmayıl Təbriz istiqamətində yol alır. O, burada özünü 1501-ci ildə şah elan edərək Səfəvilər dövlətinin əsasını qoyur, adına xütbə oxudur.
1503-cü ildə I Şah İsmayıl Ağqoyunlu hökmdarı Murada onun hakimiyyətini tanıdığı təqdirdə İraqi Əcəmin bir hissəsini ona verəcəyini bildirir. Murad təklifi qəbul etmir. Bundan sonra Səfəvi qoşunu 12 minlik ordu ilə Həmədana doğru irəliləyir. 21 iyun 1503-cü idə Səfəvi və Ağqoyunlu qoşunları arasında Həmədan yaxınlığında Almabulağı deyilən yerdə döyüş baş verdi. Döyüşdə Səfəvilər qalib gəldi.
Səfəvi tarixçisi İsgəndər bəy Münşi Türkman yazır: “Doqquz yüz səkkizinci il zilhiccə ayının iyirmi dördü (1503, 21 iyun) şənbə günü Həmədanın Almabulağı adlı yerində onların arasında böyük hərb oldu. Süleyman şanlı xaqanın (Şah İsmayıl) heydəri qol gücü və isnaəşəri dövlət günəşinin xoşbəxt doğuşuna görə o, müqayisəsiz ləşkərə qalib gələrək, həmin mərəkədə Türkman (Ağqoyunlu) döyüşçülərinin kələyini kəsdi”. Ağqoyunlu hökmdarı Sultan Murad isə qaçdı.
Bundan sonra qızılbaşlar həmin ildə müqavimətsiz Şiraz, Qum, Kaşan və İsfahanı, 1504-cü ildə isə Gülxəndan, Firuzguh, Usta qalaları, Yəzd və Kirmanı ələ keçirdilər. Bunun ardınca Şah İsmayıl öz qoşunu ilə birgə Qərbə doğru hərəkət etməyə başladı. 1507-cı ildə Van və Ərzincanı, 1508-ci ildə isə ərəb İraqını tutdu. İsmayılın qərbdə hərbi əməliyyatlar keçirməsindən istifadə edən Şeybanilər dövlətinin hökmdarı Məhəmməd 1507-cı illərdə Teymurilər dövlətinə son qoyub Xorasanı işğal etdi və Kirmana dağıdıcı yürşülər etdi. I Şah İsmayıl 1510-cu ildə Xorasana doğru hərəkət etdi və 2 dekabr 1510-cu ildə baş vermiş Mərv döyüşündə Məhəmməd xan Şeybanini məğlub edərək Xorasan vilayəti və Ceyhun çayına qədər uzanan torpaqları ələ keçirdi. Döyüş zamanı Məhəmməd xan Şeybani öldürüldü. Daha sonra Anadoluya dönən I Şah İsmayıl Ağqoyunlular dövründə onlara tabe olan Şərqi Anadolunu ələ keçirmək üçün hərəkətə keçdi. 1512-ci ildə Qaraman və Malatyanı tabe edən şah daha sonra Təbrizə döndü.