İrəvan Azərbaycan teatrı – 140

    1918-ci il mayın 29-da İrəvan şəhəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, heç bir əsası olmadan ermənilərə güzəşt edilərkən onlardan üç nəfər buna etiraz edir. Bu etiraz edənlərdən əslən İrəvandan olan Bağır Rzayev ora təyin olunmuş həmin üç nəfər nümayəndə heyəti adından bildirir ki, bizi unutmayın. Həqiqətən də uzun illər boyu o yerdə yaşayan azərbaycanlılar unudulmadılar. Ədəbiyyat və incəsənət nümayəndələri vaxtaşırı İrəvana gəldilər. Azərbaycan Dövlət Teatrının, Musiqili Komediya Teatrının, Opera və Balet Teatrının azərbaycanlıların bu əski elm və mədəniyyət mərkəzinə qastrol səfərlərində oldular. Azərbaycan müğənnilərinin konsertləri tez-tez bir-birini əvəz edirdi. Bakıdan gələn nə qədər görkəmli alimlər İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsində mühazirələr deyir, seminarlar aparır, Dövlət İmtahan Komissiyasının sədri olurdular.

    1988-91-ci illərdə yaşı bilinməyən tarixdən bu yerlərdə yaşayan azərbaycanlılar öz dədə-baba torpaqlarını, yurdlarını məcburi surətdə tərk etdilər, oradan qovuldular.

Yenə də o yerlər, o ərazilər, buradakı tarixi izlər unudulmadı. Müstəqillik əldə edildikdən sonra  Qərbi Azərbaycanın tarixi, etnoqrafiyası, mədəniyyəti,  toponimləri, orada yetişmiş görkəmli  adamlar  və s. haqqında  kitablar, monoqrafiyalar yazıldı. Bu əsərlərin bəziləri təkcə ölkəmizdə deyil, xarici ölkələrdə də işıq üzü gördü.

    Ümummilli lider Heydər Əliyev 1997-ci il dekabr ayının 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasl haqqında” fərman imzaladı.

   Azərbaycan Respublikası Prezidenti İlham Əliyev müxtəlif çıxışlarında dönə-dönə vurğuladı: “Biz hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı digər bölgələr bizim tarixi torpaqlarımızdır”.

Prezident İlham Əliyevin 2006-cı il dekabr ayının 29-da “Uluxanlı məktəbinin 125 illiyi”, 2021-ci il dekabr ayının 29-da “İrəvan müəllimlər Seminariyaslnın 140 illiyi” ilə bağlı verdiyi sərəncamlar da İrəvanın həmişə dövlət səviyyəsində diqqət mərkəzində olduğunu əyani surətdə təsdiq edir. Azərbaycan Prezidentinin 14 iyul 2022-ci il tarixdə “İrəvan Azərbaycan Dram Teatrının 140 illiyi” ilə bağlı verdiyi sərəncam da həmin siyasi xəttin davamıdır.

    İrəvan teatrı ilə bağlı müxtəlif vaxtlarda tədqiqatçılar araşdırmalar aparıb, əsərlər yazıb, onun ilk tamaşası ilə bağlı ayrı-ayrı fikirlər söyləmişlər. Bunlardan görkəmli teatrşünas alim, professor Sabir Rzayevin rus dilində yazdığı “Ermənistanda Azərbaycan teatrı”(1963), Əkbər Yerevanlının “Yunis Nuri”(1980), Hidayətin “Bir teatrın üç aktyoru” (1977), İsrafil Məmmədovun “Tariximiz, torpağımız, taleyimiz” (2003), İlham Rəhimlinin “İrəvan Dövlət Azərbaycan Dram Teatrı” (2007)əsərlərinin adlarını çəkmək olar. Onu da vurğulamaq lazım gəlir ki, gənc rəssam  Səkinə Zeynalova “İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəqrafiyası” mövzusunda dissertasiya yazıb, sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

İrəvanda teatr nə vaxt yaranmışdır? Bu mövzu ilə bağlı xeyli yazılar əsərlərdə öz əksini tapmışdır – kitablarda, monoqrafiyalarda, məqalələrdə. Bu sahədə əvvəldə adları çəkilən müəlliflərin, tədqiqatçıların xidmətlərini ayrıca vurğulamaq lazım gəlir. İrəvanda Azərbaycan teatrının yaranma tarixi 1880-ci il mart ayının 10-u, 1881-ci il martın 16-sı, 1882-ci ilin fevralın 27-si qeyd olunur.

    Bəzən kobud şəkildə təhrif edilərək 1886-ci il və sovinistliklə, qərəzli surətdə göstərilən 1928-ci il...

   Bir çox qaynaqlara, tədqiqatçıların əsərlərinə istinadən, 1880-ci ildə tamaşa oynanılıb, lakin nə proqramın, nə  də afişanın qalmadığını nəzərə alaraq  İrəvan da səyyar tipli Azərbaycan teatrının tarixini məhz 27 fevral1882-ci il tarixdən başlanmasını qəbul edir.

    Onu da qeyd etmək lazım gəlir ki, tədqiqatçı İ.Rəhimli əsərində İrəvan teatrı ilə bağlı tədqiqatlar aparmış İsrafil Məmmədovun zəhmətini xüsusi dəyərləndirir.

İ.Rəhimlinin qeyd etdiyi kimi, 1928-ci il mart ayının 15-də səyyar tipli bu teatrın nəzdində İrəvan Dövlət Azərbaycan Dram teatrı yaranmışdı. 1928-1945-ci illərdə sonralar Azərbaycan Dövlət Dram Teatrında çalışmış bir çox görkəmli aktyorlar bəlkə də ilkin fəaliyyətlərini bu teatrda başlamışlar. Onların sırasında kimlərin adlarını çəkmək olar? Həsən Mirzəyev, Ətayə Əliyeva, Əli Zeynalov, Kamil Qubuşov, Kazım Ziya, SSRİ xalq artisti İsmayıl Dağıstanlı...

    İrəvan Dram Teatrının üçüncü həyatı 1967-ci il aprelin 28-də C.Cabbarlının “Sevil” əsəri ilə başladı və İrəvanda 1988-ci ilə kimi fəaliyyətini davam etdirdi. Sonrakı həyatını isə Bakıda yaşadı.

Əlbəttə, bu ümumi məlumatdan sonra bizi narahat edən bəzi məsələlərin üzərinə qayıtmaq istərdik.

Ermənistan Sovet Ensiklopediyasının 3-cü cildinin 566-cı səhifəsində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı haqqında yazılır ki, İrəvan Azərbaycan teatrı 1928-ci ildə təşkil olunmuşdu. M.Cananın rejissorluğu ilə həmin il aprelin 14-də J.B.Molyerin “Zorən təbib” əsəri tamaşaya qoyulmuş və guya bununla da İrəvanda azərbaycanlıların Dram teatrının əsası qoyulmuşdu. İ.Məmmədov “Tariximiz, torpağımız, taleyimiz” əsərində həmin məsələyə bir cümlə ilə toxunaraq  bunun qəsdən belə yazıldğını söyləyir. Təbii ki, bilərəkdən düşünülümüş şəkildə İrəvanda Azərbaycan teatrının yaranması tarixini bu yazıda təxminən yarım əsr gec ərsəyə gəldiyini göstərmişlər.

ESE-də o da əlavə olunur ki, 1935-ci ildən İrəvan Dram Teatrı C.Cabbarlının adını daşıyır.

ESE-də İrəvan Azərbaycan teatrının 1928-ci ildən sonrakı fəaliyyəti elə təqdim olunur ki, guya onun əsas aparıcı qüvvələri ermənilər olmuşlar.

  Hansı dram əsərləri tamaşaya qoyulmudu? ESE-də bir neçə Azərbaycan dramaturqu ilə - C.Məmmədquluzadə, M.İbrahimov, S.Vurğun, S.Rəhmanla yanaşı, özlərinin bir neçə dramaturqlarıının da adı çəkilir. Bu həqiqət inkar edilmir. Rejissorlardan B.Qələndərli və Əli Şahsalahlının adları qeyd olunur.

Ancaq səhnə tərtibatı, tamaşaya qoyulmuş əsərlərin rəssamlarının hamısının müstəsnasız və istisnasız olaraq erməni olduğu vurğulanır. Bir sıra tanınmış erməni teatr xadimləri kollektivə  kömək etmişlər və bu istisna edilmir.

    Lakin indi sual oluna bilər: Doğrudanmı Azərbaycan teatrının İrəvanda heç azərbaycanlı rəssamı olmamışdır?

    Bəlli olduğu kimi, azərbaycanlıların 1948-53-cü illər Qərbi Azərbaycandan deportasiyası İrəvan Azərbaycan teatrına da öz təsirini göstərdi. 1949-cu ildə İrəvan Azərbaycan teatrı bağlandı və 1967-ci ildən bizim fikrimizcə, özünün üçüncü həyatını yaşamağa  başlandı: 1882-1928, 1928-1949, 1967-1988-ci illər.

   İstər 1928-1949, istərsə, də 1967-1988-ci illərdə teatrda azərbaycanlı rəssamlar olmuş və lazımi səviyyədə fəaliyyət göstərmişlər. Teatrşünas İlham Rəhimlinin “İrəvan Dövlət Azərbaycan Dram Teatrı” və sənətşünaslıq üzrə fəlsəfə doktoru Səkinə Zeynalovanın “İrəvan teatrının səhnəqrafiyası” dissertasiyasının avtoreferatında (2017) həmin fikir əsaslı surətdə təsdiq olunur. Bu qaynaqlardan bəlli olur ki, hələ 1936-cı il may ayının 6-da Yusif Yılmazın quruluşçu rejissorluğu ilə tamaşaya qoyulmuş C.Cabbarlının “Aydın” əsərinin rəssamı Rza Məmmədov olmuşdur. Sonralar  bir neçə əsər də onun rəssamlğı ilə tamaşaya qoyulmuşdur.

  Eləcə də Əməkdar rəssam C.Quliyevin rəssamı olduğu 1968-ci ildə göstərilmiş C.Cabbarlının “Solğun çiçəklər” (27mart), N.Vəzirovun “Hacı Qəmbər” (10 dekabr), 1971-ci ildə Fuad Qafarovun rəssamlığı ilə tamaşaya qoyulmuş Üzeyir bəy Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasının ( 21 yanvar), Ç.Xuqayevin “Arvadının əri” (rəssam Məmməd Qasımov – 18 iyun), M.B.Vəzirovun “Molla İbrahim Xəlil kimyagər” (rəssam Cabbar Quliyev – 15 noyabr) tamaşalarını necə danmaq olar?

Hələ orda məktəbdə oxuyarkən əvvəldə adı çəkilən ilk iki tamaşaya baxmağınmızı bu gün də yaxşı xatırlayırıq. Həmçinin C.Cabbarlının “Aydın”ını. Bu tamaşalarda Tariel Qasımovun, Şamil Dəmirçiyevin, xüsusilə Abbasqulu Tağıyevin oynadığı rollar, yaratdığı obrazlar həmişəlik yaddaşımıza həkk olunub.

  1980-ci illərdə də bir sıra səhnə əsərlərinə tamaşa etmişik. Teatr azərbaycanlılardan ibarət olan kəndlərə qastrol səfərləri edərdi, yaxud da biz azərbaycanlılar  müntəzəm olaraq çox böyük həvəslə İrəvanda göstərilən tamaşalara  gedərdik. Bu  teatrın bizim üçün bir doğmalığı da, yaxınlığı da var idi. Doğma Yuxarı Necili kəndinin yetirməsi, çox qabiliyyətli oğullarından biri Novruz Məhərrəmov, qonşumuz Ədalət Əliyev və bibimiz oğlu Yunis Məmmədov (Azərbaycan Teleşirkətinin keçmiş sədri Babək Hüseynoğlunun qardaşı) bu teatrda çalışırdılar. Hərbi xidmətdə olarkən eşitdim ki, teatr qastrol səfərindən qayıdarkən onları gətirən avtobus hava duman-çən lduğundan qəzaya uğramış Novruz iki aktyor yoldaşı ilə birlikdə həlak olmuşdur.

   Yenidən teatrın tarixi ilə bağlı bəzi məqamlara qayıtmağı məsləhət bilirik. İrəvan teatrının tarixi ilə bağlı vikipediyada yazılmışdır ki, İrəvan Azərbaycan teatrının yaranma tarixi 1882-ci il göstərilir. Eyni səhifənin bir tərəfində bu tarix yazılmasına baxmayaraq, ikinci tərəfində “Ümumi məlumat” başlığında həmin teatrın tarixinin 1928-ci il tarixdən başlandığı diqqətə çatdırılır. Bu tarix hansı qaynaqdan götürülmüşdür? Bu yazılı məlumat kimin dəyirmanına su tökür?

   1978-ci ildə İrəvanda C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrının yaranmasının 50 illiyi keçirildi. Teatrın yubileyilə əlaqədar Bakıda uzunmüddətli qastrollar təşkil olundu. İrəvan Dövlət Azərbaycan Dram teatrının bir sıra aktyorları 50 illik yubileylə bağlı Azərbaycan və Ermənistanın fəxri adlarına layiq görüldülər. Bu yubiley İrəvan Azərbaycan teatrının yaranmasını təxminən yarım əsr “təntənəli” surətdə geri atırdı. Düşünülümüş, ölçülüb-biçilmiş bir şəkildə.

    ASE-nin V cildinin 129-cu səhifəsində də İrəvan Azərbaycan teatrının yaranması yanlış göstərilmişdir. Burada yazılmışdır: “Yerevanda Azərbaycan teatrının tarixi F.B.Köçərlinin təşəbbüsü və yaxından köməyi ilə 1886-cı ildə gimnaziyada oxuyan  azərbaycanlı teatr həvəskarlarının ifa etdiyi “Müsyö Jordan və Dərviş Məstəli şah” (M.F.Axundov) komediyasının tamaşası ilə başlanır. Əlbəttə, bu tarix həqiqətə qəti uyğun deyildi. Xatırlatmaq lazımdır ki, İ.Məmmədov da bu məsələyə yığcam şəkildə də olsa, öz münasibətini bildirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İrəvan Azərbaycan Dram teatrının yaranmasının 140 illiyi” ilə bağlı verdiyi sərəncam bütün bu yanlışlıqlara son qoyur. Və bir daha bizim ideoloji əleyhdarlarımıızın, tarixi danmaq istəyənlərə mesaj kimi vurğulanır: İrəvan azərbaycanlıların şəhəridir!

   Qeyd olunduğu kimi,C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrı azərbaycanlıların bu əski və mədəniyyət mərkəzində fəaliyyətinin sonuncu mərhələsi 1967-1988-ci illəri əhatə etdi. Ancaq çox təəssüflər olsun ki,  21 il müddətində erməni şovnistləri bu teatrın öz tamaşalarını hazırlayıb, onların səhnəyə qoyulması üçün bir bina vermədilər. Əlbəttə, bunların hamısı ölçülüb-biçilmiş, qərəzli  erməni xislətinin açıq-aşkar təzahürü idi. Ancaq bütün bu çətinliklərə baxmayaraq, Tariel Qasımov, Ramiz Məlikov, Vidadi Əliyev, Kamil Misgərov, Hilal Həsənov, Tofiq Ağayev, Elmira İsmayılova, Marietta Kərimova, Səmayə İsmayılova, Ramiz Məşədiyev, Süleyman Nəcəfov... və bir çox görkəmli aktyorların və  təbii ki, uzun illər teatrın direktoru olmuş Hidayətin sayəsində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrı öz fəaliyyətini yüksək səviyyədə davam etdiridi.

    1988-ci il analoji hadisələrindən sonra İrəvan teatrı fəaliyyətini Bakıda davam etdirməyə başladı və davam etdirir.

    140 yaşın mübarək, İrəvan teatrı!  Doğma İrəvanda sənin görüşünə gəlmək arzusu, ümidi, inamı ilə!

 

Əsgər Zeynalov,

filologiya elmləri doktoru, professor.

 

Zeynəb Qasımova,

filologiya üzrə fəlsəfə doktoru.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi