Zahid Xəlillə məktəblilərin görüşü keçirilib

    16 dekabr 2022-ci il tarixində Azad Hümbətov adına 291 nömrəli Ekologiya Liseyində Azərbaycan yazıçısı, şair, pedaqoq, filologiya elmləri doktoru, professor Zahid Xəlillə məktəblilərin görüşü keçirilib.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Görüşdə məktəbin müəllimləri, valideynlər və şagirdlər iştirak etdilər. 

    Tədbirdə şairin həyatını və ədəbi əsərlərini əks etdirən videoçarx və slaydlar  sərgiləndi. Tədbir zamanı şairin yaradıcılığı və ədəbi fəaliyyəti haqqında geniş məlumat verildi. Məktəbin 6a sinfi tərəfindən təşkil olunan tədbirdə şagirdlər fəallıq nümayiş etdirdilər.

    Onlar şairin əsərlərindən olan "Dəmir Yumruq", "Bayrağım", "Müzəffər ordu", "Külək və mələk", "Kəpənəklər", "Üç rəfiqə", "Çəmən" şeirlərini söylədilər.

    Daha sonra isə "Baba ilə nəvənin söhbəti", "Uşaqların səhvi" şeirlərini səhnələşdirib, rolları ifa etdilər. "Qəlbinurun hekayələri" əsasında hazırladıqları "Məzəli adam" kompozisiyasını ixtisarla təqdim etdilər.

    Şairə ünvanlanan suallar Z. Xəlil tərəfindən maraqla qarşılandı və cavablandırıldı. Öz yaradıcılığından geniş söhbət açan şair keçirilən görüşdən məmnunluq hissi duyduğunu dilə gətirdi.

   Tədbirin sonunda  "Dram və Bədii Qiraət" dərnəyinin rəhbəri Mətanət Rzayeva şairə və tədbir iştirakçılarına təşəkkürünü bildirdi. 

    Sonda Zahid Xəlil ilə xatirə şəkilləri çəkdirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi