“Zəfərin mübarək, Vətən!” tədbiri

03 noyabr 2022-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Zəfərin mübarək, Vətən!” devizi altında tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin rəis müavini, mayor Samir Əliyev, Vətən Müharibəsi Qəhrəmanı, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmiş baş leytenant, şəhid Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Vətən Müharibəsi şəhidi, "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuş Sənan Abdullayevin atası Şahin Abdullayev, Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş MAXE Ziyad Muradovun atası Muradxan Muradov, Aprel döyüşləri şəhidi Mahir Mirzəyevin atası Sabir Mirzəyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin əməkdaşları, Vətən Müharibəsi iştirakçıları, ali təhsil müəssisələrinin tələbələri, orta ümumtəhsil məktəblərinin hərbi hazırlıq müəllimləri və şagirdlər iştirak etmişdir.
Tədbirdə liseyimizin hərbi hazırlıq müəllimi Fərrux Salamov və şagirdlərimiz iştirak etmişlər.
İlk öncə Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirin rəsmi hissəsində çıxış edən natiqlər qeyd etdilər ki, 2020-ci il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Daha sonra şagirdlərin, tələbələrin və məzunların ifasında vətənpərvərlik mövzusunda mahnılar və şeirlər səsləndirildi.
Tədbirin sonunda Vətən Müharibəsinin iştirakçılarına “Vətən Müharibəsi iştirakçısı” medalları, hərbi hazırlıq müəllimlərinə və fəal şagirdlərə isə fəxri fərmanlar təqdim edildi.