Azad Hümbətovun xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib

    29 oktyabr 2022-ci il tarixdə İdman Tennis Kompleksində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və İdman Tennis Kompleksin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmiş baş leytenant, şəhid Azad Hümbətovun xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

    Tədbirdə Millət vəkili Cavid Osmanov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, şəhid, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Dövlət Təhlükəsizlik Xidmətinin Nərimanov Rayon İdarəsinin rəisi Orxan Zeynalov, Vətən Müharibəsi şəhidi Sənan Abdullayevin atası Şahin Abdullayev, aprel döyüşləri şəhidi Mahir Mirzəyevin atası Sabir Mirzəyev, İdman Tennis Kompleksin direktoru Əhməd Abbasbəyli, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 nömrəli liseyin direktoru Arif Əsədov, Nərimanov rayonunda fəaliyyət göstərən idman məktəblərinin rəhbərləri, müxtəlif idman növləri üzrə federasiyalarının üzvləri, rayonun fəal könüllüləri və 47 saylı tam orta məktəbin şagirdləri hərbi geyimdə iştirak etmişlər.

    İlk öncə Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

    Tədbirdə Millət vəkili Cavid Osmanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək qeyd etdilər ki, dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə tükənməyən qayğısından bəhs edərək bildirmişlər ki, gənc nəsil və müasir gənclərimiz şəhidlərimizin qanı, canı bahasına əldə olunmuş qələbəmizin, müstəqilliyimizin qədrini bilməli, daima qoruyub saxlamalı və özlərindən sonrakı gələcək nəsillərə ötürməlidirlər. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci ilin sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü qalibiyyətlə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi, cənab Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların və onlara bərabər tutulan şəxslərin problemləri daim diqqət mərkəzindədir. Dövlətimiz hər bir Azərbaycan vətəndaşının sosial məsələlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu baxımdan çox mühüm layihələr həyata keçirilir.

Sonra Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov öz növbəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişdir.

    Tədbirin rəsmi hissəsindən sonra Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının idmançıları qılıncoynatma, “888 Boxing” Klubunun üzvləri boks, Qafqaz Taekvondo Klubunun idmançıları taekvondo, Xətai İdman Mərkəzinin idmançıları karate, Azərbaycan Alpaqut Federasiyasınin idmançıları alpaqut-turan döyüş sənəti idman növləri üzrə nümunəvi çıxışlar göstərdi, müğənni Aydın Sani vətənpərvər mahnılar ifa etdi.

    Sonda şahmat yarışının qalibləri müvafiq dərəcəli diplom və medallar ilə təltif edilmiş, şəhidin atası Arif Hümbətova Xatirə Diplomu və Azərbaycan Dövlət Bayrağı təqdim edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi