Şagirdlərimiz "Suyun qoruyucuları” adlı maarifləndirici tədbirdə

03 oktyabr 2022-ci il tarixində Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində fəaliyyət göstərən ekoklub üzvlərinin iştirakı ilə “Suyun qoruyucuları” adlı maarifləndirici tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na əsasən keçirilmişdir.
Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin birgə əməkdaşlığı ilə baş tutub.
Tədbirin keçirilməsində əsas məqsəd sudan səmərəli və dayanıqlı istifadənin təbliği, suyun insanlar üçün əhəmiyyəti və qarşılıqlı təsiri, Azərbaycanda su hövzələrinin çirklənməsi və qarşısının alınması yolları, işğaldan azad olunmuş rayonlardan keçən transsərhəd çaylarin ekoloji vəziyyəti və bu sahədə uşaq və gənclər arasında maarifləndirmənin və ekoloji biliklərinin artırılmasından ibarətdir.
Ekoklubların aktiv liderlərinin iştirakı ilə ilkin olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Azərbaycanda ilkin hidrometeoroloji müşahidələrin tarixi və departamentin iş prosesi, ölkədə su hövzələrinin monitorinqi prosesi barədə məktəblilərə ətraflı məlumat verərək, hidrometeoroloji stansiyaların iş prinsipi, işğaldan azad olunmuş rayonlarda hidrometeoroloji şəbəkənin tez bir zamanda bərpa olunmasının nəzərdə tutulduğunu bildirib. RUGİM-in direktoru e.ü.f.d Firuzə Sultan-zadə suyun insanlara təsiri, əhəmiyyəti, sudan dayanıqlı istifadədə uşaq və gənclərin rolunun vacibliyindən söz edib.
Daha sonra RUGİM-in ekspertləri Abdin Abbasov və Bahar Səmədzadə “İqlim dəyişmələrinin su ehtiyatlarına təsiri, su ilə bağlı problemlər, maarifləndirmə” mövzusu haqqında ətraflı təqdimatla RUGİM-in İçərişəhərdə yerləşən binasında çıxış edərək iştirakçıların mövzu ətrafında yaranan suallarını cavablandırıblar.
Tədbirin praktiki hissəsində gənc ekoloqlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi müasir cihaz və avadanlıqlarla təchiz olunmuş Səyyar Laboratoriyasının fəaliyyəti ilə tanış olublar və onlara idarənin baş məsləhətçisi Nemət Həsənov tərəfindən suyun monitorinqi prosesinin gedişatı, su nümunələrinin çirklənmə analizi prosesi nümayiş olunub.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na əsasən keçirilmişdir.
Liseyimizin 8c sinif şagirdi Salahov Ayaz və 8b sinif şagirdi İbrahimova Nərgiz bu tədbirdə iştirak etmişlər.