Gənc direktor Sevinc Orucovanın Heydər Əliyev adına liseyə təyinatı
11.11.2016-cı il tarix növbəti iş günlərindən fərqləndi. Axşam saatlarından liseyin pedaqoji, valideyn və şagird kollektivinin aldığı məlumat hamını "narahat etmişdi". Səhər dərsə gələn hər kəsin baxışlarından və çöhrələrindəki ifadələrdən 1001 sual oxunurdu. Bu narahatlığa son qoymaq və sualları cavablandırmaq üçün liseyin direktoru səhər saat 7:30-da müəllimlərlə görüşüb sağollaşmağı qərarlaşdırdı. O əvvəlcə 2 il müddətində rəhbərlik etdiyi və bu vaxt ərzində həm özünün doğmalaşdığı, həmdə özünə doğma olan müəllimlərini və texniki işçilərini toplayıb onları tərk etdiyini və Azərbaycan Respublikasının Təhsil Naziri Cənab Mikayıl Cabbarovun onun işini dəyərləndirib və ona yüksək etimad göstərərək Ulu Öndər Heydər Əliyevin adını daşıyan liseyə direktor təyin edildiyini açıqladı. Sonra liseyin həyətində sıraya düzülmüş şagirdlərlə birlikdə dövlət himni ifa etdikdən sonra onlarla da sağollaşaraq, yaxşı oxumağı və liseyin adını həmişə zirvələrə qaldırmağı arzuladı. Növbəti görüş liseyin valideyn komitələrinin sədrləri ilə oldu. Bütün verilən suallar həmişə olduğu kimi sonadək dinlənildi və cavablandırıldı. Hamı liseyin direktoru Sevinc xanım Orucovanın liseyi tərk etməsini kövrəkliklə qarşılasa da, ona layiqli təhsil işçisi kimi yüksək etimad göstərilməsindən sevinirdi. Bu gün liseyin pedaqoji, şagird və valideyn kollektivi onu təbrik edir, ona bu məsuliyyətli işdə yeni-yeni nəailiyyətlər diləyir.