İmadəddin Nəsimi və hürufilik 10 B sinif şagirdi Zühal Bağırovanın təqdimatında

İmadəddin Nəsimi və hürufilik
650 ildir ki, böyük şair İmadəddin Nəsiminin adı Yaxın Şərqdə mərdlik, fədakarlıq və iradə rəmzi kimi hörmətlə çəkilir. Şairin əsl adıdır Əlidir. O, 1369-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir. Seyid Əli biliklərini Nizami, Xaqani, Məshəti, Fələki, Zülfüqar Şirvani, Arif Ərdəbili, Mahmud Şəbüstəri və Marağalı Əvhədinin əsərləri ilə tərbiyələnmiş, eyni zamanda Yaxın Şərqin görkəmli şairlərinin: Cəlaləddin Rumi, Rudəki, Sədi, Əttar və başqa klassik şairlərin əsərlərinin dərindən öyrənmiş, özü də kiçik yaşlarından şeir yazmağa başlamışdı.
Nəsimi Azərbaycan dilində şeirin ilk gözəl nümunələrini yaradan, öz mütərəqqi fikirlərini yüksək bədii dildə ifadə etməyi bacaran qüdrətli sənətkarlardan biri olmuşdu. Onun Yaxın Şərqdə şöhrətlənməsinə səbəb ana dilindən başqa ərəb və fars dillərində də yaratmış olduğu divanlar idi.
Həllac Mənsur, Fəzlullah Nəimi və sonda Nəsimiyə qədər gəlib çatan sufi ideyalarının nişanı, əsasən, dövrün zülmkar hökmdarlarına, padşahlarına yönəlmişdi. Bu yolla onlar, insanın zülmkar bir varlıq olmadığını irəli sürür, belə bir varlığın hətta Tanrı qatına belə qalxmağa layiqliyini bildirirdilər. Beləliklə, xalqı öz tərəflərinə çəkəcəklərini düşünürdülər. Hətta onlar bir çox mürid də toplamış, ancaq işlər istədikləri kimi getməmişdi. O dövr üçün belə məslələrdə avam olan xalq bu ideyaların sufi qabığını qaldırıb əsl məqsədə köklənə bilmədi və Nəsimi və müridlərini “kafir”, “dinsiz” adlandıraraq, cəmiyyət içində onlara həqarət etmiş, alçaltmış, təhqir etmişlər.
Hürufilik tərəfdarları təqiblərə məruz qalmışlar. Naxçıvanda Əlincə qalası yaxınlığında Nəimiyə işgəncə verib bədəni parça-parça edilərək öldürülmüşdü. Bu zaman Fəzulullahın yazıb göndərdiyi “Vəsiyyətnamə”yə əsasən onun Bakıda yaşayan ailə üzvləri və tərəfdarları tez bir zamanda görkəmlərini dəyişərək buradan uzaqlaşmalı idilər. Nəsimi də ilk əvvəl İraqa, sonra Türkiyəyə getmiş, uzun zaman Anadolu şəhərində qalaraq hürufi ideyalarını təbliğ etmiş və nəhayət Hələb şəhərində məskən salmışdı.
Lakin Misir məmlükləri və Hələb ruhaniləri şairi dinsizliklə günahlandıraraq 1417-ci ildə Hələb hökmdarlarının əmri ilə zindana salırlar. Çox keçmədən, şəhər ruhanilərinin məclisində şair mühakimə edilərək ölümünə fitva verilir.
Bir qədər sonra şəriət məhkəməsinin sənədləri ilə tanış olan Misir sultanı Əl-Müəyyəd şairin diri-diri dərisinin soyulub, 7 gün Hələb şəhərində hamıya göstərilməsi haqqında əmr verir. Beləliklə, Nəsimi faciəli bir şəkildə edam edilir.
Şairin zindan günlərində yazdığı cəsarətli şeirləri, mühakimə zamanı davranışı, məntiqi cavabları və iradəsi uzun müddət xalq arasında danışılmış, əfsanə kimi dillərdə söylənmişdi.
Göründüyü kimi, Nəsimi, Nəimi və başqaları hürufi təriqətinin tərəfdarları olduqlarına görə təqib edilir, öldürüldülər. Bəs “Hürufilik” nə demək idi?
“Hürufilik” - ərəb dilindən tərcümədə “hürufiyyə” deməkdir və XIV əsrin sonu və XV əsrin əvvəllərində Azərbaycanda, Anadoluda və Qərbi İranda yayılan Sufi təriqətidir. “Hüruf” sözü ərəb dilində “hərflər” mənasını verir. Hürufilikdə 7 rəqəmi müqəddəs hesab edilir.
Hürufi təriqətinin əsasını tarixdə Nəimi təxəllüsü ilə tanınan şair Fəzlullah Astarabadi (1340-1394) qoymuşdur. 1370-ci illərdə o Təbrizdə Cəlairilər xanədanında önəmli yer alaraq, Azərbaycanda öz sufi görüşlərini yaymağa başlamışdır. Onun əsas ideyaları müəllifi olduğu “Cavidan-əl-Kəbir” kitabında öz əksini tapmışdır. O öldürünəndən sonra, onun yolunu hürufiliyin digər məşhur nümayəndəsi İmadəddin Nəsimi davam etdirmişdir. 1417-ci ildə onun da edam edilməsi ilə təriqət zəifləsə də indiyədək bir çox digər təriqətlərin ideya qaynağı olaraq qalmışdır.
Hürufiliyin əsas ideyaları aşağıdakı kimi izah olunub:
Hürufiliyə görə Kainat əbədidir və müxtəlif dövrlər bir-birini əvəz edir. Bu dövrlər Peyğəmbərlik, İmamlıq və Allahlıqdır. Adəm peyğəmbərlə başlayan Peyğəmbərlik dövrü Məhəmməd peyğəmbərlə başa çatmışdır. Əli ibn Əbu Taliblə başlayan İmamlıq dövrü 11-ci imam Həsənlə başa çatmışdır. Allahlıq dövrü isə Fəzlullahla başlamışdır və bütün peyğəmbərlər onun gəlişini xəbər vermişlər. Hürufilər Adəmdən, Musadan və Məhəmməddən sonra Allahın qüvvəsinin təzahürü kimi Fəzlullahı hesab edirdilər. Allahın zahiri görünüşü solmazdır və o insanda, yaradılmışların ən yaxşısında bəyandır (zühur kibriyyə), insan ilahinin surətidir və həqiqətin açarıdır. Allah hər bir zərrəcikdə mövcuddur. O, həmçinin sözlərdə, sevginin və gözəlliyin əsası olan ərəb əlifbasının 28 və fars əlifbasının 32 hərfində təcəssüm edir. 7 rəqəmi insanın əsas hissələrində, Fatihə surəsinin ayələrində və inamın əsas şərtlərinə müvafiq olan əsas rəqəmdir.
Hürufiliyin Azərbaycanda ilk təşkilatlanması XIV əsrin sonlarında başlamışdı. Onların fəlsəfi dini qaynaqları orta və yaxın şərqin fəlsəfəsindən bəhrələnmişdir. Azərbaycan ərazisinə daxil olaraq Nəimi, Nəsimi, Sururi, Əli-ül Əla kimi nümayəndələr tapan hürufilik ərazi baxımından da sərhədlənməmişdi. Hürufilik təriqəti geniş bir ərazini (İran, Azərbaycan, Suriya, Osmanlı) əhatə edirdi. Hürufilərin əsas nümayəndələri kəndlilər və şəhər ziyalıları idi.
Hürufilər öz ideyalarını yaymaq üçün öz əraziləri ilə kifayətlənmir, islam şərqinin müxtəlif ölkələrinə səyahətlər edir, tələbələrinin sayını artırırdılar.
Hürufilik Azərbaycanda, ümumiyyətlə Şərqdə özündən sonrakı bütün təriqətlərə təsir göstərmiş ən böyük cərəyanlardan biri olmuşdur. Bəlkə də, onun belə iz buraxmasının əsl səbəbkarı təbiəti, insan sevgisini gözəl təsvir edən İmadəddin Nəsimi yaradıcılığı olmuşdur.
2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 650 illiyi qeyd edilən İmadəddin Nəsimi və yaradıcılığı Azərbaycan xalqının dünya ədəbiyyatına töhfəsidir.
ƏDƏBİYYAT:
-
İ.Nəsimi. “Seçilmiş əsərləri”. İki cilddə. Birinci cild. Bakı-2004. “Lider nəşriyyatı”.
-
Nəsimi haqqında internet məlumatları.