Aşıq Ələsgər yaradıcılığında erməni fitnəkarlığının göstərilməsi

Məryəm Rauf qızı Nəzərova 

291№li ekologiya liseyinin 10a sinif şagirdi

[email protected]

 

 Aşıq Ələsgər yaradıcılığında erməni fitnəkarlığının göstərilməsi

 

     Giriş
     Bir çox nəcib insani keyfiyyətləri öz mənində cəmləşdirən, heç kəsdən qorxub-çəkinməyən, hətta həyatı təhlükə qarşısında qalanda da sözündən, əqidəsindən dönməyən qüdrətli el nəğməkarı Dədə Ələsgər müqəddəs sayılan aşıq-ozan adının ləkə götürməsinə yol verməmişdir. Şöhrət parıltısına uymayan aşıq xalq içərisində həmişə mərifətlə, namusla dolanmışdır.

                                                                                  Yaxşı hörmətinən ,təmiz adınan

                                                                                   Mən dolandım bu Qafqazın elini.

                                                                                   Pirə-ata dedim, cavana-qardaş,

                                                                                   Ana-bacı bildim qızı, gəlini.

        Maraqlıdır ki, Göyçə mahalının Ağkilsə kəndində dünyaya göz açmış bənzərsiz sənətkarın yubleyi haqqında ölkə prezidenti İham Əliyevin sərəncamı vaxtı ilə erməni vəhşiliyindən,  zülmündən ağır zərbə almış, var-yoxu talanmış, müvəqqəti olsa da, dədə-baba yurdunu tərk edib qaçqın həyatı yaşamış Aşıq Ələsgərin ruhunu da şad edən Böyük Zəfərimizdən 4 ay sonra-18 fevral 2021-ci ildə imzalanmışdır.

         Məzmun baxımından zəngin, forma cəhətdən rəngarəng olan Azərbaycan ədəbi dilinin, aşıq şeirinin inkişafında misilsiz xidmət göstərən Aşıq Ələsgər sözün qüdrəti ilə bu xəzinəni daha da zənginləşdirdi. Bəzən adama elə gəlir ki, bu şerləri bir nəfər yox, elə xalq özü yaradıb. Elə ona görə xalq şairi Bəxtiyar Vahabzadə deyirdi ki, Ələsgər şeri xalq şeridir. (M. Qaradaşlı “Aşıq Ələsgər” Bakı 1993, səh.105)

    Dədə Ələsgər şeirlərində biz gənclərə yol göstərir, vətənpərvərlik hissləri, el-obaya, xalqımıza, doğma torpağa sevgi aşılayır.

                                                                                   Aşıq olub, diyar-diyar gəzənin,

                                                                                   Əvvəl başda pür kamalı gərəkdi.

                                                                                   Oturub-durmağa ədəbin bilə,

                                                                                   Mərifət elmində dolu gərəkdi.

    Biz gənclər həm də tariximizi onun yaradıcılığı ilə öyrənə bilirik.

 

                                                                             Aşıq Ələsgərin erməni vandalizminə  münasibəti

    Yaşadığı tarixi  dövrdə baş verən hadisələr Dədə Ələsgər yaradıcılığında da iz qoydu.  Azərbaycanın bir çox yerlərində erməni fitnəkarları 1905-ci ildə qirğınlar törədir, çox yurd-yuvanı viran qoyurlar. Yollar bağlanır, gediş-gəliş kəsilir, Aran camaatı yaylaqlara çıxa bilmir. 250 ildən çox erməni faşistləri, sözün əsil mənasında vandallar xalqımıza qarşı misli görünməmiş  vəhşiliklər törətmişlər. Hətta bu soysuzlar etnik təmizləmə siyasətini həyata keçirdilər. Bundan dərin məyusluq hissi keçirən aşıq ,,Dağlar” rədifli qoşması ilə elin dərdini dilə gətirmiş, yanıqlı ifadələrlə qəm-kədərini ifadə etmişdir. Əvvəlki illərdə yaylaqlarda şən günlər keçirən, minbir cah-calalı görən el sənətkarı indi sürülərin mələşmədiyini, yaylaqların insansız qaldığın görəndə ah-nalə çəkir:

                                                                              Hanı mən gördüyüm qurğu-büsatlar?!

                                                                              Dərdməndilər görsə ,tez bağrı çatlar,

                                                                              Mələşmir sürülər, kişnəmir atlar,

                                                                              Niyə pərişandı halların, dağlar?!

   Aşıq Ələsgər erməni zülmünün şahidi kimi ötən  əsrin əvvəllərində yaşadığı məşəqqətləri istər qoşma və gəraylılarında, istərsə də təcnis və divanilərində çox ustalıqla tarixiləşdirmişdir. Barışıq etmək bəhanəsi ilə Göyçənin tanınmış simalarını, o cümlədən Aşıq Nəcəfi Basarkeçərə cağıran daşnaklar Ələsgər ocağının da neçə-neçə başbilənini məhv etmiş, amansızcasına qətlə yetirmişlər. Ermənilərin törətdiyi qırğınlardan təsirlənən Aşıq Ələsgər yazırdı:

                                                                                Bu dərd Ələsgərin qəddin əyifdi,

                                                                                Yapalaxlar kəhlik alıf yeyifdi.

                                                                                Laçın ölüf ,o tərlanlar itifdi.

        Dədə Ələsgər yaradıcılığına müraciət etmək erməni xislətini açıb ortaya qoymaq deməkdir. Alçaq ermənilərin xain, nankor, qədirbilməz, simasız və yaltaq olmasına şahidlik etmək üçün Ələsgər yaradıcılığı tutarlı mənbədir.

     1905-ci ildə kəndli hərəkatının ənənəvi mübarizə forması olan qaçaq hərəkatı geniş yayılmışdır. İnqilab dövründə(1905-1907) qaçaq hərəkatının görkəmli nümayəndələrindən biri də Dəli Alı idi. O Dəli Alı ki, onun igidliyi, qoçaqlığı Aşıq Ələsgər yaradıcılığında iz qoyub:

                                                                               Gün kimi aləmi tutubdu adı,

                                                                                İyidlər sultanı, xanı Dəli Alı.

                                                                                Pirim-Şəhri-Mərdan verib muradı,

                                                                                Artırıb şövkəti, şanı Dəli Alı.

                                                   

                                                                                Götürüb süzəni, minəndə ata,

                                                                                Fələk “Əhsən” deyir boya, büsata.

                                                                                Nərə çəkib təpinəndə saldata,

                                                                                Sel kimi axıdar qanı Dəli Alı.

    I Dünya müharibəsinin başlanması, onun xalqa gətirdiyi mərhumiyyətlər, Göyçənin dağıdılması, şəxsi həyatında baş verən faciəli hadisələr həssas sənətkarı sarsıtmış, yaradıcılığına qəm kölgəsi salmışdır. 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurası gərgin müzakirələrdən sonra İrəvan şəhərini ermənilərə güzəştə getdi. 1918-ci ilin yayında türk xalqlarının qəddar düşməni Andronik Zəngəzura hücum edir. Onun quldur dəstəsi kəndləri dağıdır, yandırır, dinc əhalini vəhşicəsinə öldürürdü. Daşnaqlar Zəngəzurda 115, İrəvan quberniyasında 60-dan çox Azərbaycan kəndini məhv etmişdi. 100 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovulmuşdu. 1918-1919-cu illərdə daşnaqların türklərə qarşı törətdiyi qirğın nəticəsində Göyçə mahalının var-yoxu talanmış, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olmuşdur. 2 ilə qədər Dədə Ələsgər Yanşaqda-Kəlbəcərdə yaşamalı olur. Sonra Tərtərə köçür və bir neçə ay orada qalmalı olur. Ancaq Dədə Aşıq Sarınər, Murov, Muşoy dağları, Xaçbulaq yaylaqları üçün darıxırdı.

                                                                             Elə ki, şər gəldi, qaraltdı qaşı,

                                                                             Dumana qərq olur dağların başı.

                                                                             Düşəndə gürg ilə kəlbin savaşı,

                                                                             Uzun çəkir qilü -qalların, dağlar.

                                                                                  

                                                                             Halıyam Eldarın var cümləsindən,

                                                                             Gecə yatmır bir-birinin bəhsindən.

                                                                             İyid nərəsindən, güllə səsindən

                                                                             Dəyməmiş tökülür kalların, dağlar.                                               

 

    1921-ci ildə Dədə Ələsgər ailəsi ilə birlikdə doğma kəndi olan Ağkilsəyə qayıdır. Ancaq onun çal-çağırlı günləri qurtarmışdı. 1922-ci ildə ömür-gün yoldaşı Anaxanım vəfat edir.1924-cü ildə Aşıq Ələsgər dövlət tərəfindən İrəvana (Yerevan) dəvət olunur,amma onun səfəri baş tutmur,çünki getməyə razılıq vermir.

                                                                           Səksəni, doxsanı keçibdir yaşım,

                                                                            Əzrayıl həmdəmim, məzar yoldaşım

                                                                            Gor deyə tərpənir bəlalı başım,

                                                                            Daha köç təbilin çal, qoca baxtım.

 

      Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu kənddə vəfat etmiş, Ağkilsə qəbiristanlığında dəfn olunmuşdur. Böyük el nəğməkarı Aşıq Ələsgərin şerləri öz sağlığında qələmə alınmasa da Azərbaycan folklorçuları onun əsərlərini toplayıb yazıya almış və nəşr etdirmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 №li Qərarı ilə Aşıq Ələsgər Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

 

 

 

Açar sözlər: Göyçə, Ağkilsə, Dədə aşıq, Dəli Alı

 

 

Ədəbiyyat:

1.A.Qədir”Aşıq sənətinin korifeyi”Aşıq Ələsgər-190, Respublika-2011, 4  iyun, №115

2.S.Fəxrəddin”Bir ozanın bəxti”Kaspi-2011,9 fevral №24,səh.13

3.Musa Nəbioğlu”Aşıq Ələsgər”Bakı “Elm və təhsil”-2012, səh.120

4.N.Məhəmməd”Dərsi azlar Ələsgərdən dərs aldı...”Azərbaycan -2011, 2 iyun, №117, səh.7                                                          

5.İslam Ələsgərov”Aşıq Ələsgər”1988, səh.105

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi