Liseyimiz Beynəlxalq Elmi Konfransın təşkilatçısıdır
15 dekabr 2021-ci il tarixdə liseyimizin təşkilatçılığı ilə “Aşıq Ələsgər və elmi-nəzəri, pedaqoji fikir” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə liseyimizin direktoru Arif Əsədov açaraq Aşıq Ələsgərin Azərbaycanın aşıq sənətindəki rolundan söz açıb, tədbirin əhəmiyyətindən bəhs edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva konfransın ümumi əhəmiyyətinə, məzmununa və örnək ideyasına görə xüsusilə diqqət çəkdiyini vurğulayıb. Bu ideyanın digər paytaxt məktəbləri üçün yaxşı nümunə olacağına inamını ifadə edən M.Vəliyeva təhsil müəssisəsində Azərbaycanın milli-mənəvi dəyərlərinə olan ehtiramı müşahidə etməyin xoş olduğunu söyləyib. Bildirib ki, bu, gələcəyimiz olan uşaqların düzgün istiqamətdə inkişaf etdiyini deməyə əsas verir. Aşıq sənətinə ümummilli lider Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısının “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamına uyğun olaraq ölkəmizdə və xaricdə silsilə tədbirlər, konfranslar, təqdimatlar keçirilir, görkəmli aşığın yaradıcılığı yenidən öyrənilərək dünya ictimaiyyətinə çatdırılır.
Konfransda Azərbaycandan, Qazaxstan, Özbəkistan, Türkiyədən nümayəndələr iştirak edirdi. Bakı Dövlət Universiteti, AMEA, Təhsil İnstitutu, və s. Elmi müəssisələrin nümayəndələri çıxışlar etdilər. Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin dosenti, Füzuli adına Mədəniyyət Mərkəzinin müdiri Gülbahar Aşurova, Türkiyənin “Türk Ədəbiyyatı” jurnalının baş redaktoru İmdat Avşar, Pamukqala Universitetinin Türk dili və ədəbiyyatı bölməsinin əməkdaşı Orhan Baldane, Qazaxıstanın Beynəlxalq Türk Akademiyasının nümayəndəsi Nurdin Useev, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli tarixi köklərə və qardaşlığa söykənən ölkələrarası mədəni əlaqələrdən bəhs ediblər. Bildiriblər ki, Azərbaycan xalqı milli-mənəvi dəyər¬lərin, mədəniyyətin formalaşmasında mühüm rol oynayan dahi şəxsiyyətlər, mütəfəkkirlər yetişdirir. Bu baxımdan türk dünyası üçün örnək olan sənətkarların həyatı və irsinin şagirdlərə bu kimi tədbirlər, konfranslar vasitəsilə çatdırılması önəmlidir.
Konfransda şagirdlərin ifasında Aşıq Ələsgərin şeirləri səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.
Sonra konfrans işini “Aşıq Ələsgər və tarix”, “Aşıq Ələsgər və filoloji fikir”, “Aşıq Ələsgər və tarix elmləri” mövzularında bölmə iclasları ilə davam etdirib.