“Hüququmu tanıyıram, haqqımı qoruyuram!”

İnsan hüquqları aylığı çərçivəsində məktəbdə insan hüquqlarına dair maarifləndirici tədbir keçirildi. Tədbirin əsas məqsədi iştirakçılara insan hüquqları anlayışı, öz hüquqlarını qorumaq bacarığı qazanması və başqalarının hüquqlarına hörmət etmələri üçün bir mühit yaratmaq, şagirdlərə insan hüquqları və onların qorunmasının əhəmiyyətini başa salmaq idi. Bu tədbir məktəb mühitində insan hüquqlarına dair maarifləndirmə apararaq, gələcəkdə daha ədalətli və hörmətli bir cəmiyyətin formalaşmasına töhfə verəcəkdir.
Tədbirdə məktəbin müəllim və şagird heyəti iştirak etdi. Əvvəlcə tarix müəllimləri Ellada İbadova və Mahirə Nağıyeva tərəfindən insan hüquqları haqqında ümumi məlumat təqdim olundu. Daha sonra BMT-nin İnsan Hüquqları Ümumi Bəyannaməsinin əsas prinsipləri izah edildi.
Tədbirin interaktiv hissəsində 9ç sinif şagirdləri – Əliyeva Aidə, Zeynalova Xədicə və Babazadə Dəniz hüquqlarla bağlı çıxışlar etdilər. Onlar insan hüquqlarının gündəlik həyatda əhəmiyyəti və bu hüquqların pozulma halları barədə fikirlərini bölüşdülər. Mövzu ətrafında maraqlı müzakirələr aparıldı. 7a sinif şagirdləri – Əzizli Rüqayyə, Əzizli Nuray və Qarayeva Şəms insan hüquqları ilə bağlı səhnəcik nümayiş etdirdilər. Səhnələrdə hüquqların pozulduğu hallar canlandırıldı və bu problemlərin qarşısının necə alınması barədə fikir mübadiləsi aparıldı.
Bu tip tədbirlər, şagirdlərin şəxsi inkişafını dəstəkləyir və onları daha məsuliyyətli, hüquqla hərəkət edən və başqalarına hörmət edən vətəndaşlar olaraq yetişdirməyə kömək edir. İnsan hüquqları məsələsinin erkən yaşda öyrənilməsi, gələcəkdə daha anlayışlı və bərabər bir cəmiyyətin qurulmasına zəmin yaradır.