Ey Nəsimi, sözün tutdu cahanı...”

 Ey kitab içində həqqi axtaran,        Nöqtə xətlərindən uzaq qalırsan.      Dürr üçün dənizin dibinə baş vur,      Ördəktək su üstdə üzmə heç zaman.                                                                 Nəsimi             Artıq bir neçə aydır ki, məktəbimizin 10 “Ç” sinif şagirdləri “Ey Nəsimi sözün tutdu cahanı...”  şüarı altında Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Flora Osmanovanın məsləhəti və dəstəyi ilə Nəsimi yaradıcılığını araşdırmaq, öyrənmək üçün səylə çalışırlar. Ədəbiyyat aşiqi olan şagirdlərimiz topladıqları məlumatları, dahi şairin əsərlərini oxuduqca gəldikləri qənaətləri bildirmək üçün bir neçə dəfə toplaşmış fikirlərini bölüşmüş, məruzələrlə çıxış etmişlər. Məsələn: İsazadə Şəhla “Nəsiminin İraq divanı”, Əlizadə Zeynəb “Nəsimi yaradıcılığında əxlaq”, Əlizadə Məryəm “Nəsimi yaradıcılığında haqqa qovuşmağın yolları”, Adıgözəlova Leyla “Nəsimi lirikasının başlıca mövzu obyekti”  və s.             Nəsimi kimi dərin fəlsəfi fikirləri tərənnüm edən bir şairin yaradıcılığını, sufi-hürufi simvollarını, rəqəm-hərf rebuslarını  anlamaq  üçün alimlərimizin –  klassik ədəbiyyat bilicilərinin şərhinə, fikirlərinə daim ehtiyac olub. Bu səbəbdən də dekabrın 4-də ədəbiyyatşünas  alim filologiya üzrə fəlsəfə doktoru Vərağa Almasovla bir daha görüş keçirildi. Görüşdə şagirdlərin müxtəlif sualları fonunda ( Ağamalıyeva Aydan: “Hamımız bilirik ki, Nəsimi Şamaxıda anadan olub. Yaradıcılığında Şiraz, Hələb və digər yerlərin adları öz əksini tapsa da, nə üçün doğma yurdunnu əsərlərində anmayıb?”, Hüseynova Sevinc: “Nəsimi yaradıcılığını araşdırarkən Hafiz Şirazinin adına rast gəldim. Sizcə, Hafiz Şirazinin Nəsimi ilə nə əlaqəsi olmşdur?”, Əlizadə Zeynəb: “Cahanı tərk edib, keçdim cahandan, Cahan oldum, cahan oldum cahandan” beytinin şərhini eşitmək istərdik”  və s.)  Vərağa müəllim Nəsimi yaradıcılığı haqqında geniş məlumat verdi. Onun hərtərəfli şərhləri, özünəməxsus fikirləri şagirdlərdə olduqca böyük maraq doğurdu. Sonda vurğulandı ki, Prezidentimiz İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan olunması  müəllim və şagirdlərimizi, ədəbiyyatşünaslarımızı –  ümumiyyətlə, hər kəsi şairlərimizin yaradıcılığı ilə tanış olmağa, öyrənməyə daha çox sövq etmişdir. Klassik irsimizin təbliği istiqamətində görülən hər iş Azərbaycanın sabahına xidmətdir. Buna görə də bu iş bir şairin yaradıcılığı ilə tanışlıqdan daha böyük əhəmiyyət kəsb edir. Klassik ədəbiyyatın ölməzliyi, əhəmiyyəti dövrümüzə hansı mənəvi dəyərləri ünvanlaması, cəmiyyətimizə nə verəcəyi ilə şərtlənir. Bu baxımdan “İnsan bu hüsnü lütf ilə gövhər degilmidir?!” deyən  Nəsimi  bəşər tarixində insan mənəviyyatını formalaşdıran ədəbiyyatın, mədəniyyətin zirvəsində dayanan mütəfəkkirlərdən biri olaraq qalacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi