Vaqif Vilayət oğlu Mirzəliyev 1974-cü ildə fevral ayının 22-də doğma Azərbaycanımızın Gədəbəy rayonunda anadan olmuşdur. Atası Vilayət Mirzəliyev və anası Tamella Mirzəliyeva orta təhsilli, zəhmətkeş insanlar idi. Ailədə beş uşaq idilər: 3 qardaş və 2 bacı. Böyük qardaşı Arif hələ Sovet hökuməti dağılmamışdan əsgəri xidmətə getmiş, Qazaxıstanda hərbi qulluq keçmişdir. Bacıları Rəna və Gülnar, kiçik qardaşı Asif də bizim 281 nömrəli tam orta məktəbi bitirmişdilər.
Vaqif çox vətənpərvər bir şagird idi. Məktəbdə keçirilən bütün ictimai işlərdə fəal iştirak edirdi.1990-cı ildə məktəbdə Novruz bayramı tədbirində kosa rolunu elə məharətlə ifa etmişdi ki...
Vaqifin orta məktəbi bitirdiyi vaxt artıq vətənimizdə müharibə gedirdi.Qərbi Azərbaycandan azərbaycanlılar öz dədə-baba yurdalarından didərgin salınmışdılar. Vaqifin ana yurdu Gədəbəydə isə camaat öz torpaqlarını mərdliklə qoruyurdu. Hətta ermənilərin Köhnə Başkənd kəndini də onların əlindən almışdılar. İndi də Başkənddə Gədəbəylilər yaşayırlar. Başkənd kəndi Gədəbəyin ərazisində yerləşir. İndi də ermənilərin Krasnoselo tərəfindən etdikləri təxribatın qarşısını milli ordumuz mərdliklə alır, Gədəbəy camaatı öz el-obasında mərdliklə dayanırlar. Belə bir elin övladı olan Vaqif başqa cür ola bilməzdi.1992-ci ildə başqa soyadaşlarımız kimi o da hərbi qulluğa yollandı. Orduda əla qulluq etdiyinə görə bir həftə evə məzuniyyətə buraxılmışdır. Həmin vaxt məktəbimizə də gəldi. Vaqif məktəbdə müəllim və şagirdlərin qarşısında söz verdi ki, bu dəfə Xankəndinə bayrağımızı sancaraq məktəbimizə qəhrəman kimi qayıdacağam. Lakin bu gediş onun son gedişi oldu. Vaqif 1993-cü ildə dekabrın 26-da Qarabağda qəhrəmancasına həlak oldu. Onun dəfnində məktəbimizin bütün müəllim və şagird kollektivi iştirak etdi.
Məktəbimizin pedaqoji şurasının qərarını Suraxanı rayon icra hakimiyyətinə göndərdik. Pedaqoji şuranın yekdil qərarında məktəbimizə Vaqif Mirzəliyevin adının verilməsi xahiş olunurdu. Kollektivin bu xahişi nəzərə alındı və məktəbimizə Vaqif Mirzəliyevin adı verildi. Atası Vilayət kişi vəfat etməzdən əvvəl dövlətimizin bu qərarını eşidərək qəlbən sakitləşmişdi. Lakin oğlunun dərdinə dözməyərək vəfat etdi.Anası Tamella isə Vaqifin vətən uğrunda şəhid olması ilə həmişə fəxr edir.
Hal-hazırda Vaqifin bacısı övladları və Vaqifin öz adını daşıyan qardaşı oğlu Vaqif məktəbimizdə təhsil alırlar.