Əhalinin siyahıyaalınmasına hazırlıqla bağlı tədbir keçirilib

28 sentyabr 2019-cu il tarixində məktəbdə 2019-cu ildə rayon əhalisinin siyahıyaalınmasına hazırlığın və onun keçirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinə dair tədbir keçirilib.
Tədbirdə məktəbin direktoru Nizami Qasımzadə, İcra hakimiyyətinin əməkdaşı və təlimatçı-nəzarətçilər iştirak ediblər.
Nizami müəllim çıxış edərək “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli 1040 nömrəli Fərmanına uyğun olaraq bu ilin 1-10 oktyabr tarixlərində ölkə ərazisində əhalinin növbəti siyahıyaalınmasının həyata keçiriləcəyini bildirib.
Nizami müəllim qeyd edib ki, ölkədə əhalinin siyahıyaalınmasının keçirilməsində məqsəd əhalinin sayı, yerləşməsi, miqrasiyası və tərkibi, habelə müəyyən bir dövr üzrə vacib olan məlumatların əldə olunmasıdır.
İcra hakimiyyətinin əməkdaşı çıxış edərək əhalinin siyahıyaalınmasının vahid statistik metodologiya əsasında həyata keçiriləcəyini və cəmiyyətdəki vəziyyət haqqında, onun iqtisadiyyatı, sosial sahəsi, mənəvi dəyərləri və sair barədə mühakimə yürütməyə imkan verəcəyini söyləyib. Qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 16 dekabr 2016-cı il tarixli 517 nömrəli Qərarına əsasən Nizami Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə rayon ərazisində siyahıyaalma ilə əlaqədar hazırlıq və onun keçirilməsi üçün nəzərdə tutulmuş tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsi, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılmasının təmin edilməsi məqsədi ilə əhalinin siyahıyaalınmasına yardım komissiyası yaradıldığını bildirib.
Əhalinin siyahıyaalınmasının mühüm dövlət tədbiri olduğunu və onun müvəffəqiyyətlə keçirilməsində iştirak edən hər bir şəxsin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
Sonra Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilən siyahıyaalma və sorğu vərəqələrinin işlənilməsi qaydası haqqında ətraflı izahatlar verilib və suallar cavablandırılıb.