“Ev və məktəb – bir yolun iki tərəfi” adlı maraqlı və dəyərli bir görüş

13 may 2025-ci il tarixində 3 "B" sinfində unudulmaz bir gün yaşandı. İbtidai sinif müəllimi Naibə Rəşidovanın təşəbbüsü ilə “Ailə və məktəb” layihəsi çərçivəsində “Ev və məktəb – bir yolun iki tərəfi” adlı maraqlı və dəyərli bir görüş təşkil olundu. Tədbirin əsas məqsədi valideynlərin təhsil prosesinə daha yaxından cəlb olunması və məktəb-ailə münasibətlərinin möhkəmləndirilməsi idi. Görüş zamanı valideynlər övladlarının dərslərə yanaşması, verilən tapşırıqları necə yerinə yetirməsi, yazı mədəniyyəti və məsuliyyət hissi ilə tanış olmaq imkanı qazandılar. Şagirdlərin hazırladığı yazılı işlər, rəsmlər və fərdi təqdimatlar böyük maraq doğurdu. Valideynlər övladlarının əldə etdiyi bilik və bacarıqları, həmçinin öz fikirlərini ifadə etmə tərzini görüb fərəhləndilər. Onlar müəllimə bu imkan üçün təşəkkürlərini bildirdilər. Naibə Rəşidova görüş zamanı ailə və məktəbin birgə fəaliyyətinin uşaqların inkişafında nə qədər mühüm rol oynadığını vurğuladı. O qeyd etdi ki, bu kimi görüşlər şagirdlərin özünəinamını artırır, ailələrin isə təhsilə olan marağını gücləndirir. Görüş səmimi və isti atmosferdə keçdi, müəllim-valideyn-şagird üçbucağında qarşılıqlı anlaşmanın möhkəmlənməsi yolunda uğurlu addım oldu. Belə layihələr təhsil prosesinə təkcə məktəbin deyil, ailənin də məsuliyyət daşıdığını bir daha nümayiş etdirdi.