“Qobustan Rəsmləri: Həyatın Təsvirləri” adlı maraqlı və maarifləndirici layihə

13 may 2025-ci il tarixində ibtidai sinif müəllimi Elnarə Salayeva tərəfindən 1 "C" sinfində Azərbaycan dili dərsində “Qobustan Rəsmləri: Həyatın Təsvirləri” adlı maraqlı və maarifləndirici layihə işi həyata keçirilmişdir.
Məqsəd şagirdlərə Qobustan qayaüstü rəsmləri vasitəsilə qədim insanların yaşayış tərzi, məşğuliyyəti və dünyagörüşü haqqında ilkin biliklərin aşılanması, eyni zamanda onların müşahidə, nitq və təqdimat bacarıqlarının inkişaf etdirilməsi olmuşdur.
Dərs zamanı şagirdlər Qobustan haqqında qısa təqdimatlara qulaq asmış, qayaüstü rəsmlərin mənasını müzakirə etmiş və öz təsəvvürlərini həm şəkil, həm də yazılı təqdimatlarla ifadə etmişlər. Uşaqlar fərdi şəklində işləyərək yaradıcı yanaşmalarını nümayiş etdirmiş, maraqlı fikirlər irəli sürmüşlər.
Layihənin ən maraqlı hissələrindən biri isə şagirdlərin daşlar üzərində qədim qayaüstü rəsmlərin oxşarını çəkmələri olmuşdur. Bu fəaliyyət sayəsində onlar həm əylənmiş, həm də qədim sənət nümunələrini təcrübədə canlandırmaq imkanı qazanmışlar.
Müəllim Elnarə Salayeva bu layihənin uşaqlarda milli-mədəni irsə maraq oyatmaqla yanaşı, onların təlim-tərbiyə prosesində yaradıcı və analitik bacarıqlarının formalaşmasına da xidmət etdiyini qeyd etmişdir.
Layihə şagirdlər tərəfindən böyük maraqla qarşılanmış və uğurla yekunlaşmışdır. Bu cür tədbirlər şagirdlərin həm dərsə marağını artırır, həm də onların şəxsiyyət kimi inkişafında mühüm rol oynayır.