Tədris ilinin son pedaqoji şurası keçirildi

2024–2025-ci tədris ilinin sonuna yaxın 232 nömrəli tam orta məktəbdə ümumi pedaqoji şura iclası keçirildi. İclas məktəbin direktoru Günel Fətəliyevanın çıxışı ilə açıldı. Direktor çıxışında təhsil prosesində əməkdaşlığın, keyfiyyətli tədrisin və şagird yönümlü yanaşmanın əhəmiyyətini vurğuladı. O, həmçinin məktəb kollektivinin birgə səyi ilə il ərzində əldə olunan nailiyyətləri qeyd etdi və qarşıdakı tədris ili üçün əsas prioritetlərə toxundu.
Təlim və tədris sahəsinə dair hesabatı direktor müavini Günel İsmayılova təqdim etdi. Hesabatda qeyd olundu ki, cari tədris ilində tədris prosesi müvafiq tədris planına uyğun şəkildə təşkil edilib. Şagirdlərin akademik göstəricilərində əvvəlki illə müqayisədə müsbət dinamika müşahidə olunub. Xüsusilə 9–11-ci siniflər üzrə nəticələrin müqayisəli təhlili aparılıb, zəif nəticə göstərən şagirdlərlə fərdi yanaşmalar gücləndirilib, əlavə məşğələlər təşkil olunub. Tədrisin keyfiyyətinin artırılması məqsədilə müəllimlər üçün təlimlər və metodiki seminarlar keçirilib.
Tərbiyə və təşkilati işlər üzrə hesabat
Tərbiyə və təşkilati işlər üzrə hesabatı direktor müavini İsrafil Hüseynov çatdırdı. Hesabatda məktəbdə şagird davranışına nəzarət, sosial-emosional inkişafın dəstəklənməsi, intizamın qorunması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi kimi məsələlərə toxunuldu. Məktəbdə davamiyyətin yüksəldilməsi, növbətçilik işlərinin səmərəli təşkili və sinif rəhbərlərinin sənədləşmə işlərinin vaxtında yerinə yetirilməsi əsas diqqət mərkəzində oldu. Valideynlərlə əlaqələrin möhkəmləndirilməsi, fərdi və ümumi görüşlərin keçirilməsi istiqamətində tədbirlər davam etdirildi.
Növbəti tədris ilində təlim-tərbiyə proseslərinin effektivliyini artırmaq, şagirdlərin akademik və sosial bacarıqlarını sistemli və innovativ metodlarla inkişaf etdirmək, davamiyyətin yüksəldilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirmək və məktəb mühitində əməkdaşlıq və hörmətə əsaslanan pozitiv atmosfer yaratmaq əsas hədəfimizdir.