Suraxanı rayonu 232 nömrəli tam orta məktəb 1937-ci ildən fəaliyyət göstərir. Məktəbimiz şəhid Dilavər Məmmədzadənin adını daşıyır. 5 günlük iş rejimi ilə bir növbədə işləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində cari ildə 232 nömrəli məktəb əsaslı təmir olunmuş, ayrı-ayrı sinif otaqları, fənn kabinetləri, laboratoriyalar müasir standartlara uyğun şəkildə təmir olunaraq lazımi avadanlıqla təchiz edilmişdir. 2014-cü tədris ilində isə yeni 300 yerlik bina, akt zalı, idman zalı tikilib istifadəyə verilmişdir. 232 nömrəli məktəbin məzunları arasında da Azərbaycanın nüfuzlu, adlı-sanlı ziyalıları, alim və yazıçıları, bəstəkar və şairləri, bir sözlə, Azərbaycanı ləyaqətlə təmsil edənlər çoxdur. Məktəbdə tədris Azərbaycan dilində həyata keçirilir. 2024-2025- cü tədris ilində 27 sinif və 2 məktəbə hazırlıq qrupunda 732 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 53 müəllim, 1 Uşaq Birliyi rəhbəri, 1 psixoloq məşğul olur. Məktəbin şagirdləri müxtəlif şəhər və Respublika olimpiadalarında, Beynəlxalq idman, musiqi, rəsm yarışlarında iştirak edir və uğur qazanırlar. Məktəbimiz ötən dərs ilində bir çox nailiyyətlərə imza atdı, bir çox layihələrdə iştirak etdi və qaliblər arasında yer aldı. 2017-2018-ci tədris ilində “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”ndə “Məktəb–icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişaf etdirilməsi” layihəsi çərçivəsində “Məktəb-icma klubu”nun yaradılması layihəsinin qalibi olduq. 2022/2023-cü tədris ilində “Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi”ndə “PhET interaktv simulyasiya platformasının Azərbyaycan məktəbləri üçün adaptasiyası” layihəsi ilə qalib oldu.
Bu ilki məzunlarımızın ali məktəblərə qəbul göstəriciləri də ürəkaçan oldu. Məzunlardan ali məktəblərə sənəd verən şagirdlər sırasından 23 nəfəri Respublikamızın və xarici ölkələrin müxtəlif ali məktəblərinə daxil olmuşlar.