"Son zəng" tədbiri keçirildi
Məktəbin illik fəaliyyət planına uyğun olaraq iyunun 14-də ənənəvi “ Son Zəng” tədbiri keçirildi. İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək günlərin biri də “ Son Zəng “ günüdür. Məktəbin direktoru Günel Fətəliyeva tədbiri açıq elan edərək məktəbin bu ilki uğurlarından danışaraq onbirinciləri təbrik etdi. Müəllimlər məzunları çıxışları ilə duyğulandırdı. Məzunlar mahnılar, rəqslər və ürək sözləri ilə tədbirə rəng qatdılar. Təhsil aldıqları doğma məktəbə , müəllimlərə təşəkkür etmiş vətənə layiqli övlad olacaqlarını bildirmişlər. Birincilər də məzunları təbrik etdilər. Sonda Son Zəng səsləndi. Bu zəng artıq onbirinciləri siniflərə deyil, müstəqil həyata səsləndi. Tədbirdə iştirak edən Suraxanı rayon İcra Hakimiyyətinin Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elçin Seyfullayev və valideynlər məzunları təbrik etdilər.