Azərbaycan dili fənnindən nümunəvi açıq dərs keçirildi
Azərbaycan dili və ədəbiyyat aylığı çərçivəsində 5 “C” sinfində Azərbaycan dili fənnindən nümunəvi açıq dərs keçirildi. “İçərişəhər” mövzusunda keçirilən açıq dərsdə 4.1.2 standartı reallaşdırıldı. Böyük qruplarla keçilən dərsdə direktor müavini Günel İsmayılova, fənn birləşmə rəhbəri Kəminə Zalova iştirak edirdi. İlk olaraq şagirdlərə bir top göstərildi və onun xüsusiyyətlərini sadalamaq tapşırıldı. Daha sonra alma şəkilləri üzərində eyni suala cavab verildi. Şagirdlər bu əşyaların rəngi, forması barədə fikirlərini bildirdilər. Cavablar yekunlaşdıqdan sonra müəllim Rahilə Novruzlu mövzu haqqında qısa izah verdi.
Qruplara tapşırıq verildi ki, yoldaşlarınızdan birini seçin və onu əlamət, keyfiyyət bildirən sifətlərlə izah etməyə çalışın. Qrupların öz cavablarını şeir formasında təqdim etmələri diqqət çəkdi. Şagirdlər işlədilən sifətləri yazaraq onları məna cəhətdən qruplaşdırdılar. Belə qənaətə gəldilər ki, rəng, forma, ölçü, zahiri görmək bildirən sifətlər əlamət; dad, daxili keyfiyyət bildirən sifətlər keyfiyyət bildirir. Qruplar 4 meyar əsasında qiymətləndirildi: 1.nizam-intizam, 2.əməkdaşlıq, 3.tapşırığı düzgün təqdim etmək, 4.nitqini səlis və düzgün qurmaq. “Feil” qrupu meyarlar əsasında ən çox bal yığan komanda oldu.