Ana dili və ədəbiyyat fənn aylığına start verildi
Məktəbin fəaliyyət planının müxtəlif bəndlərindən irəli gələn tələbləri həyata keçirmək məqsədi ilə genişşaxəli tədbirlər həyata keçirilir. Artıq məktəbimizdə ənənə şəklini almış fənn aylıqları da belə tədbirlər silsiləsindəndir.
Fevral ayının Ana dili və ədəbiyyat fənn aylığı olduğunu nəzərə alaraq məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimlərinin təşkilatçılığı ilə xüsusi tədbirlər planının icrasına start verildi. Bu məqsədlə məktəbin direktoru Nisə Fərəcovanın rəhbərliyi ilə fənn müəllimləri Səfa Orucəliyev, Kəminə Zalova, Rahilə Novruzlu və Əntiqə Əliyeva tərəfindən müxtəlif siniflərdə təşkilatı söhbətlər aparıldı. Şagirdlərə təklif olundu ki, aylıq çərçivəsində müxtəlif ideyalar təqdim edə bilərlər və məktəbdə keçiriləcək tədbirlərdə fəal iştirak etməklə Ana dilimizə olan münasibətlərini ifadə edə bilərlər.
Kəminə Zalova təklif etdi ki, hər dərs günü bir sinifdə tənəffüs zamanı şagirdlərin ruhunu tərbiyə etmək məqsədilə onlara mənəvi qida olan biləcək hikmətli sözlər və aforizmlər oxunsun. Daha sonra təklif olundu ki, vətənpərvər şairimiz Xəlil Rza Ulutürkün 90-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirdiyi aksiyanı xatırlamaq məqsədi ilə məktəbimizdə “Varvarizmlərə yox deyək! Adlı layihə həyata keçirilsin. İzah olundu ki, fevral ayı ərzində müəllimlər və texniki işçilər də daxil olmaqla bütün məktəb kollektivi varvarizmlərdən istifadə edərsə, simvolik olaraq 0.05 Azn (5 qəpik) cərimə olunsun. Toplanılan simvolik məbləğ ayın sonunda Xəlil Rza Ulutürkün məzarına təşkil ediləcək ziyarət zamanı əklil alınmasına sərf edilsin.
Məktəbin 9 “A” sinif şagirdləri “Varvarizmlərə yox deyək” adlı aksiyaya dəstək məqsədilə məktəbin pilləkənlərinə məlumatlandırıcı vərəqlər yapışdırdılar. Həyata keçirilən tədbirlərdə əsas məqsəd, milli özünüdərk, milli düşüncə və təfəkkür, o cümlədən milli iftixar hissinin aşılanmasıdır.