Onlayn kitab klubu
Şagirdlərin mütaliəyə istiqamətləndirilməsi işində səmərəli sistemin yaradılması, oxu və yazı bacarıqlarının inkişafı, müzakirə əsnasında nitq və danışıq bacarıqlarının təkmilləşdirilməsi, fikirlərini tam və sərbəst şəkildə ifadə edə bilmək bacarığını formalaşdırmaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Onlayn kitab klubu” adlı sosial layihəyə start verilib. Layihəyə qoşulan D. Məmmədzadə adına 232 № li tam orta məktəbin ədəbiyyat müəllimləri Kəminə Zalova, Rahilə Novruzlu , Əntiqə Əliyeva məktəbin kitabsevər və mütaliəyə xüsusi marağı olan bir qrup şagirdi ilə birlikdə onlayn görüş keçirdi. Görüşdə elektron və audio kitabların əhəmiyyətindən və onlardan istifadə qaydalarından söhbət açıldı. Şagirdlərə İKT-dən istifadə bacarıqlarının mütaliə ilə vəhdətdə inkişafını hədəfləyən layihə haqqında geniş məlumat verildi. Bildirildi ki , “Facebook” sosial şəbəkəsində “Onlayn kitab klubu” səhifəsi yaradılıb və bu səhifədə elektron və audio kitabların paylaşımı, müxtəlif kitabların müzakirələri, kiçik rubrikalar əsasında müsabiqələrin təşkili, şagird və müəllimlərin təşəbbüsü ilə kitablarla bağlı fikirlərin bölüşdürülməsi, yazıçı və şairlərlə vaxtaşırı “Facebook” üzərindən canlı görüşlərin təşkil olunması nəzərdə tutulub.
Görüşün sonunda çıxış edən məktəbin direktor əvəzi Səfa Orucəliyev tədris ili ərzində layihə ilə bağlı müxtəlif tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu qeyd etdi.