Şagirdlərimiz F.Köçərli adına kitabxanada olublar
Fevralın 23-də Respublika Uşaq Kitabxanasında Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar yazıçı-publisist, Yazıçılar Birliyinin üzvü, əməkdar jurnalist Zemfira Məhərrəmlinin “Bədii düşüncədə Qarabağ” kitabının təqdimatı keçirilib. Tədbirdə məktəbimizin yuxarı sinif şagirdləri də iştirak edib. Tədbir Xocalıda və Azərbaycanın ərazi bütövlüyü uğrunda müqəddəs Vətən savaşında mərdliklə döyüşərək şəhid olmuş vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxışında Xocalı faciəsi haqqında ətraflı məlumat verərərək qeyd edib ki, dünyada az belə faciə var ki, Xocalıda törədilən vəhşiliklərlə müqayisə edilsin, mənəvi dəyərlərə zidd olan qətl və zorakılıq kimi qeyri-insani cinayət əməlləri törədilsin. 25-dən 26-na keçən gecə Xocalıda yüzlərlə əliyalın, müdafiəsiz sakinlər erməni işğalçılarının amansız hücumuna məruz qalaraq məhv edildi. Qocalara, uşaqlara, hətta hamilə qadınlara belə rəhm edilmədi. Bəli, elə bu baxımdan da amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilən Xocalı qətliamını daima təbliğ edərək gələcək nəsillərə çatdırmaq biz kitabxanaçıların da borcudur. Bu gün hər bir azərbaycanlının qarşısında mühüm vəzifələrdən biri Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdır. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur.