“Narkomaniya ümumbəşəri bəladır!” mövzusunda maarifləndirici tədbir
Dekabrın 27-də E.Məmmədov adına 21 nömrəli tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Yasamal rayon Polis İdarəsinin 28-ci PB-nin rəisi polkovnik-leytenantı Hüseyn İmanov, Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis kapitanı Fəxrəddin Nəsirov, Yasamal rayon Polis idarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili bölməsinin rəisi polis moyoru Nəbi Nəcəfov, Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində "Yetkinlik Yaşına Çatmayanların işləri və hüquqlarının müdafiəsi" komissiyasının katibi Emin Babayev, Bakı Şəhər Narkoloji Dispanserin həkim- norkoloqu Aytən Nadirli qonaq qismində iştirak edib. Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elza Bağırzadə çıxış edərək ölkəmizin gələcəyi olan şagirdlərin sağlam düşüncəli vətəndaş kimi yetişməsi üçün onları zərərli vərdişlərdən uzaq durmağa çağırıb. Sonra məktəbin psixoloqu Gülnar Həmidovanın mövzu ilə bağlı təqdimatı nümayiş olunub. Çıxış edən Yasamal rayon Polis idarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi polis kapitanı Fəxrəddin Nəsirov şagirdlərə narkotik asılılığının törətdiyi fəsadlarla bağlı geniş məlumatlar verib. Eyni zamanda rayon ərazisində narkotik alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri haqqında danışıb. Bakı Şəhər Narkoloji Dispanserin həkim-narkoloqu Aytən Nadirli çıxış edərək narkotikin insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb. Sonda şagirdləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.