“Uşaqdan gəlin olmaz! “ adlı maarifləndirici tədbir
Dekabrın 8-də erkən nikahlarla mübarizə tədbirləri çərçivəsində E.Məmmədov adına 21 nömrəli tam orta məktəbin psixoloqu Gülnar Həmidova və Uşaq Birliyi Rəhbəri Pərvanə Əliyevanın təşkilatçılığı ilə "Uşaqdan gəlin olmaz!" adlı maarifləndirici tədbir keçirilib. Tədbir Dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib. Sonra tədbir iştirakçıları Vətən uğrunda canlarından keçmiş vətən oğul və qızlarımızın əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Aparıcılar erkən nikahı doğuran səbəblər və onların acı nəticələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Həm qonaqlara , həm də şagirdlərə “Uşaqdan gəlin olmaz!” vərəqələri paylanılıb. Tədbir iştirakçılarının hər biri vərəqələrdə erkən nikahla mübarizə şüarı yazaraq onları xüsusi lövhədə paylaşıblar. Sonra VII-X sinif şagirdlərinin hazırladıqları “Uşaqdan gəlin olmaz!” adlı səhnəciklər nümayiş etdirilib. Səhnəciklərdə öncə savadı ilə cəmiyyətdə öz sözünü deməyi bacaran qadınlar, sonra isə uşaq-gəlin obrazları canlandırılıb. Şagirdlərin ifasında ölməz dramaturq Hüseyn Cavidin “Gülbahar” şeiri səsləndirilib. Sonra söz məktəbin direktoru Elza Bağırzadəyə verilib. Elza xanım çıxış edərək bütün dövrlərdə ən aktual problem olan erkən nikah haqqında fikirlərini şagirdlərlə bölüşüb. Söz qonaqlara verilib. Yasamal rayonu İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanlarla işləri və hüquqlarının müdafiəsi üzrə məsul katib Emin Babayev, 28-ci polis bölməsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor Əli Məmmədli, Təlimə Dəstək Mərkəzinin psixologiya bölməsinin rəhbəri Səidə Əhmədova, həkim Mətanət Rəsulova da çıxış edərək şagirdlərə öz dəyərli məsləhət və tövsiyələrini veriblər.