Yurdumuza bahar gəlir

Elimizə-obamıza bahar gəlir! Qaranquş müjdəli, xoş ovqatlı, çiçək ətirli xonçalı Novruz Azərbaycan xalqının bayramlarının şahı sayılır. Çünki Novruz bayramı Azərbaycan xalqının gələcəyə inam hissini, ürəkaçıqlığını, qonaqsevərliyini, ünsiyyət, mehribançılıq və dostluq duyğularını özündə əks etdirir.
Martın 18-də məktəbin həyətində xalqımızın milli mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramına həsr olunmuş “Yurdumuza bahar gəlir!” adlı tədbir keçirilib. Məktəb rəhbərliyi, müəllim və şagird kollektivinin iştirakı ilə keçirilən tədbirdə şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, yallı gedib, şeirlər səsləndirib, maraqlı səhnəcik və kompozisiyalar nümayiş etdiriblər. Sonda məktəbin həyətində bayram tonqalı qalanıb, müəllim və şagirdlər birlikdə “Yallı” sədaları altında dövrə vurublar.