21 Fevral- Beynəlxalq Ana dili Günüdür

Fevralın 21-də məktəbin akt zalında Beynəlxalq Ana dili Günü ilə əlaqədar “Dilimizi sevək, sevdirək!” adlı tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi Anar Babayev, məktəbin direktoru Elnur Bayramov, məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycan dilinin zənginliyini və inkişafını əks etdirən videoçarxın təqdimatı ilə başlanılıb. Tədbirdə Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, onun zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı və bu günün özəlliyi haqqında ətraflı məlumat verilib. Ümummilli lider Heydər Əliyevin ideyalarını bütün sahələrdə rəhbər tutan Cənab Prezident İlham Əliyevin doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşdığı vurğulanıb.
Tədbirin bədii hissəsində şagirdlər ana dilimizə həsr edilən şeir və kəlamlar söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar, səhnəciklər nümayiş etdiriblər. Sonda məktəb rəhbərliyi tədbirin ərsəyə gəlməsində əməyi olan Azərbaycan dili və ədəbiyyat müəllimlərinə - Pərvanə İsmayılovaya, İlhamə Manafovaya, Sevda Alxasovaya, Günel Hüseynovaya öz təşəkkürlərini bildiriblər.