“Mən fəxr edirəm ki, Azərbaycanlıyam!”
Dekabrın 12-də məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Sevda Rəhimova tərəfindən Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak ediblər. Dövlət Himninin səsləndirilməsi ilə başlanılan tədbirdə Ümummilli lider Heydər Əliyev və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən məktəbin direktoru Elnur Bayramov öz nitqində Azərbaycan xalqının yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyevin zəkasının işığında qədəm qoyduğunu vurğulayıb. Ulu öndər Heydər Əliyevin həyat yolunu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən, rəhbərlik etdiyi illər ərzində tariximizə intibah, milli tərəqqi, milli oyanış və nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olduğunu vurğulayıb. O, həmçinin bildirib ki, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir və Azərbaycanın neçə-neçə nəsli Heydər Əliyev məktəbindən, zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq və xalqımız var olduqca onu qəlbində əbədi yaşadacaqdır!
Sonra şagirdlər Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin uğurlu siyasəti və şərəfli ömür yoluna həsr olunan video-çarx nümayiş etdirib, onun əziz xatirəsinə həsr olunan mahnılar ifa edib, şeirlər söyləyiblər.