Füzuli şəhəri günü və Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir
Oktyabrın 18-də məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Sevda Rəhimovanın təşkilatçılığı ilə keçirilən “Füzuli şəhəri günü və Müstəqilliyin Bərpası Günü” nə həsr olunan tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin ictimai və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Anar Babayev, Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova, məktəbin direktoru Elnur Bayramov, müəllim və şagird kollektivi iştirak ediblər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətənin azadlığı uğurunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbir məktəbin direktoru Elnur Bayramovun çıxışı ilə açıq elan edilib. Çıxış edən natiqlər öz nitqlərində Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident Cənab İlham Əliyevin yeritdiyi siyasətlə müstəqilliyin daha da möhkəmləndiyini, 2020-ci il 44 günlük vətən savaşında Ali Baş Komandanın rəhbərliyi altında ərazi bütövlüyünün bərpa olunduğunu, müstəqilliyə gedən yolda Azərbaycan xalqının böyük mübarizələrdən keçdiyini və sonunda bütövlüyünə qovuşduğunu vurğulayıblar. O cümlədən 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən, torpaqların azadlığı uğrunda həmçinin Füzuli şəhərinin işğaldan azad olunmasında əsgər və zabitlərin göstərdiyi böyük şücaət və qəhrəmanlıqdan bəhs ediblər.