“Yetkinlik yaşına çatmayanların hüquq pozuntuları törətməsinin aspektləri” və “Uşaqlar arasında narkomaniya və alkoqolizmin qarşısının alınması” mövzularına həsr olunmuş maarifləndirici tədbir
Mayın 16-da məktəbdə “Yetkinlik yaşına çatmayanların hüquq pozuntuları törətməsinin aspektləri” və “Uşaqlar arasında narkomaniya və alkoqolizmin qarşısının alınması” mövzularına həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, “Pirallahı Tibb Mərkəzi”nin nümayəndəsi, Pirallahı Rayon Polis İdarəsinin nümayəndəsi, Pirallahı qəsəbə Məscidinin nümayəndəsi, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Mövzu ətrafında çıxış edən natiqlər qeyd ediblər ki, bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir.
Narkomaniya cinayətkarlığın artmasına rəvac verir, ağır xəstəliklərə səbəb olur, mənəvi deqradasiyaya aparıb çıxarır. Narkomaniyaya qarşı məqsədyönlü mübarizə ümumxalq işinə çevrilməlidir. Sağlam həyat tərzinin təbliği, gənclərin dövlətçiliyə sadiq layiqli vətəndaşlar kimi tərbiyə olunması Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin prioritet vəzifələrindən birini təşkil edir. Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daim gənclərə qayğı göstərib, onların bir fərd kimi yetişməsinə xüsusi diqqət ayırıb.
Eyni zamanda qeyd edilib ki, ölkəmizin qarşısında duran prioritet vəzifələrdən biri də, uşaq baxımsızlığına və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqpozmaların xəbərdar edilməsi, qarşısının alınması və onların törədilməsinə köməklik göstərən səbəb və şəraitlərin aradan qaldırılması üçün zəruri tədbirlərin həyata keçirilməsidir.
“Uşaq hüquqları haqqında” 19 may 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar barəsində dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu Qanun Azərbaycan Respublikasının Konstitutsiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir.
Sonda tədbir zamanı verilən sualların cavablandırılması təmin edilib və mövzu ətrafında açıq dialoq, izahat işləri aparılıb.